Hamının sevimlisi olmaq həyatda ən çətin, bəlkə də mümkünsüz işdir.
Amma futbol meydanlarında bunu bacaranlar az deyil.
Məsələn, biri bizim Emin Mahmudov.
2017-ci ildən "ağ qaralar"ın kapitanı olan "8 nömrə" bu müddətdə nə az, nə çox 10 baş məşqçinin sərəncamında olub.
Təbii ki, ala qaşına, ala gözünə görə yox, meydandakı uğurlu çıxışı ilə bunu bacarıb.
Bir də siyahıda elə adlar var ki, meydanda olmadan da bunu bacarırlar.
"Sabah"ın qolkiperi Rüstəm Samiqullin kimi.
Rusiya futbolunun yetirməsi ilk gəldiyində 6 ay "Səbail"də olub,
23 yaşlı kiper 2020-ci ildən isə "tələbələr"ə məxsusdur.
Arada 1 mövsüm "Neftçi"yə icarəyə verilən qapıçı digər 5 mövsümdə 5 mütəxəssislə çalışıb.
İspaniyalı Vinsent Qomes, yerli Ramin Quliyev, rusiyalı Murad Musayev, xorvatiyalı Krunoslav Renduliç və litvalı Valdas Dambrauskasın sərəncamında olub.
"Neftçi" və "Səbail"də debüt etməyən oyunçu "Sabah"dakı 5 ildə isə vur-tut 5 görüşdə meydana çıxıb.
Bir cümləlik şərh yazası olsaq, meydanda 1 qəpiklik futbolu olmadığını rahat deyə bilərik.
Görünür, o, meydandan kənar çox hörmətli oğlandır.
Hər halda, ötən ay 24 yaşa qədəm qoyduğunu nəzərə alsaq, artıq "gənc oyunçu" söhbəti də ona yapışmır. Ki, deyəsən ardıcıl 5-ci mövsüm də perspektivinin açılmasını gözləyirlər.
Məncə, meydandakı göstəricilərinə görə ona xərclənən pullara bir quş.
Ümid edirəm ki, ona sərf edilən bu qədər əmək heç olmasa meydandan kənardakı hörmətinə dəysin...
XANOĞLAN / SPORTİNFO.AZ