“İran çox mühüm tarixi mərhələ ərəfəsindədir. Bu ölkədə yaşayan xalqlar yaranmış tarixi fürsətdən öz maraqlı üçün istifadə etməyi bacarmalıdır. İran xalqı azad yaşamağı haqq edən xalqdır. O cümlədən, həmin xalqın əsas hissəsini təşkil edən azərbaycanlılar 100 ildən çox davam edən mübarizələrində məntiqi nəticəyə çatmalıdır”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O bildirib ki, cənubda yaşayan azərbaycanlıların İranda legitim, xalqın iradəsinə əsaslanan hakimiyyəti formalaşdırmaq haqları var:
“Dəyişən dünyada İran da dəyişməyə məcburdur. 21-ci əsrdə dövləti və cəmiyyəti miladdan öncəki 7-ci əsrdən qalma imperiya təfəkkürü ilə idarə etmək mümkün deyil. İranda yaşayan azərbaycanlılar nə etmək olduqlarını çox yaxşı bilir. Çünki “nə etməli?” sualını Səttarxan, Pişəvəri vaxtında verib. Doğrudur, bu gün onların fəaliyyətinə kölgə salmaq istəyənlər var. Amma “məşrutə” sözünün özü elə legitim hakimiyyət yaratmaq deməkdir. Mən düşünürəm ki, cənubda yaşayan azərbaycanlıların idealları mövcuddur və bu ideallara sahib çıxmaqla, İranda legitim, xalqın iradəsinə əsaslanan hakimiyyəti formalaşdırmaq haqları var. Çox təəssüf ki, belə tarixi mərhələdə bəzən İrandan Azərbaycana nə qədər insan gələ bilər? Bu humanitar fəlakətə gətirib çıxarar? Kimi suallar da qoyulur. Bu hadisələri manipuliyasiya etməkdir. Birincisi, İranda yaşayan soydaşlarımız mərd və mətin insanlardır”.
H.Babaoğlu qeyd edib ki, İranda yaşayan hər bir azərbaycanlı əmin olmalıdır ki, onların Azərbaycan kimi arxaları var:
“Mən düşünmürəm ki, belə bir hadisə olarsa, İrandan Azərbaycana köç olar. Tam əksinə, ilk fürsət yaranan kimi, İranda yaşayan azərbaycanlılar öz torpaqlarına, vətənlərinə sahib çıxacaq qədər cəsarətlidirlər. Əgər belə bir hal olarsa, biz 90-cı illərin əvvəllərini xatırlamalıyıq. Ermənilər tərəfinən Azərbaycan torpaqları işğala məruz qalanda bizim vətəndaşlarımız Araz çayını keçərək İrana pənah apardılar və erməni təhlükəsi keçdikdən sonra qayıdıb Azərbaycana gəldilər. Biz də heç şübhəsiz ki, əgər belə bir hadisə baş verərsə, İranda yaşayan hər bir azərbaycanlı əmin olmalıdır ki, onların Azərbaycan kimi arxaları var. Azərbaycan prezidenti deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, mən bütün azərbaycanlıların prezidentiyəm. Dövlət başçısı həmçinin vurğulayıb ki, dünyanın hər yerində yaşayan azərbaycanlıların təhlükəsizliyi və salamatlığı bizim məsələmizdir. Ona görə də İranda yaşayan azərbaycanlılar Azərbaycan dövlətinə tam arxalana bilər”.
Nazim Hacıyev
Telegram kanalımız