RU

20 Yanvar hadisələrinə və faciə qurbanlarına həsr edilmiş dəyirmi masa təşkil olunub

Bakı, 18 yanvar, AZƏRTAC

Bakıda 20 Yanvar faciəsinə və faciə qurbanlarına həsr edilmiş dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, "Qadın dünyası” İctimai Birliyi (İB) tərəfindən təşkil olunan “Vətən mənə oğul desə nə dərdim” adlı dəyirmi masaya şəhid ailələrinin üzvləri, keçmiş hərbçilər, qazilər, tarixçi alimlər, ictimai təşkilatların nümayəndələri, gənclər qatılıblar.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Sonra çıxış edən “Qadın dünyası" İctimai Birliyinin sədri Kifayət Niftəliyeva 20 Yanvar hadisələri, qurbanlar, azadlıq hərəkatının önündə getmiş və şəhidlik zirvəsinə ucalmış Vətən fədailərindən danışıb. Qeyd edib ki, 20 Yanvar hadisələrindən başlayan xalqın birliyi 44 günlük müharibədə Ordunun gücü ilə daha da möhkəmlənərək, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycanın Qələbəsi ilə nəticələnib.

“Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” Cəmiyyətinin rəhbəri Tofiq Əlizadə zaman-zaman düşmənlər tərəfindən Azərbaycana, millətimizə qarşı törədilmiş qanlı cinayətlərin səbəbləri ilə bağlı faktları diqqətə çatdırıb.

Tarix elmləri doktoru, yazıçı Nazim Tapdıqoğlu Qarabağ hadisələrinin 1988-ci ildən başladığını, milli oyanışın, milli birliyin isə 20 Yanvar şəhidlərinin şəhidlik zirvəsinə ucalması ilə birbaşa əlaqəsi olduğunu vurğulayıb.

Sonra çıxış edən 20 Yanvar şəhidi Cavad İsmayılovun bacısı Reyhan İsmayılova qardaşı ilə bağlı xatirələrini bölüşüb, ailənin yaşadığı ağır, hüznlü günlərdən danışıb.

Digər çıxış edənlər 20 Yanvarı hadisələrinin səbəbləri, faciə ilə bağlı həqiqətlərin gənclərə aşılanmasının vacibliyi, həmin tarixdən başlayan milli azadlıq hərəkatının iştirakçıları, Birinci Qarabağ müharibəsi barədə fikirlərini bölüşüblər.

Eyni zamanda qeyd olunub ki, bu formatda keçirilən tədbirlər 20 Yanvar hadisələri ilə bağlı məlumatların gənclər arasında təbliğində mühüm rol oynayır.

Избранный
167
azertag.az

1Источники