Şamaxıda 3.8 maqnitudalı zəlzələ qeydə alınıb.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 07:56-da baş verib. Titrəyişlər episentrdə 4 bal, ətraf yaxın yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub. Təkanlar Pirqulu stanasiyasından 12 km cənubda, Şamaxı-Ağsu sərhəddində qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, təxminən 1 həftədir sözügedən ərazidə aktivlik müşahidə olunur. Təkcə bu gün ölkə ərazisində 21 təkan qeydə alınıb ki, bunlardan biri Ağsu ərazisinə düşüb.
Qurban Yetirmişli bildirib ki, ölkə ərazisində aparılan tədqiqatlara əsasən hansısa güclü və dağıdıcı təkanlar gözlənilmir.
Zəlzələdən sonra Şamaxı rayonunun Meysəri kəndində əvvəlki zəlzələrdə zədələnən bir neçə yaşayış evinə müxtəlif dərəcədə ziyan dəyib. Mövcud olan çatlar daha da dərinləşib. Sakinlərin sözlərinə görə, 2019-cu ildən evləri qəzalı vəziyyətdədir və hər təkanda bu zədələrin miqyası böyüyür.
Şamaxı Rayon İcra Hakimiyyətindən bildirildi ki, sözügedən vətəndaşların evləri Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən təmirə ehtiyacı olan kateqoriyasına salınıb və təmir olunması nəzərdə tutulur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.