RU

Suriya prezidenti SDF ilə atəşkəs sazişi imzalayıb

Razılaşmaya əsasən, ölkənin şimal-şərqindəki əsas vilayətlər dövlət qurumlarının nəzarətinə keçəcək...

Poliqon xəbər verir ki, Suriya prezidenti Əhməd əş-Şaraa Suriya Demokratik Qüvvələri (SDF) ilə atəşkəs haqqında razılaşma imzalayıb. Dövlət başçısının sözlərinə görə, hökumətlə SDF arasında əldə olunan yeni razılaşmaya əsasən ölkənin şimal-şərqində yerləşən üç vilayət - Həsəkə, Deyr əz-Zor və Rakka mərhələli şəkildə dövlət qurumlarının nəzarətinə veriləcək. Prezident bu bölgədə silahlı toqquşmalarda iştirak etmiş yerli qəbilə dəstələrini təmkinli olmağa çağıraraq, razılaşmanın müddəalarının icrasına mane olmamağa səsləyib.

Əş-Şaraa SDF komandanı Məzlum Abdi ilə planlaşdırılan görüşün əlverişsiz hava şəraiti səbəbindən yanvarın 19-na təxirə salındığını bildirib. Eyni zamanda, yerli və beynəlxalq KİV-lər Suriya prezidentinin Almaniyaya nəzərdə tutulan səfərinin də ölkədəki mövcud vəziyyətlə əlaqədar ertələndiyini yazır.

Yeni saziş çərçivəsində tərəflər bir sıra əsas məsələlər üzrə razılığa gəlib. Razılaşmaya görə, bütün cəbhələr və təmas xətləri boyunca dərhal və tam atəşkəs elan olunur, SDF-nin nəzarətində olan bütün mülki institutlar Suriya dövlətinin strukturlarına inteqrasiya edilir. Bundan əlavə, ölkədəki bütün neft yataqları Suriya hökumətinin idarəçiliyinə verilir.

Sənədə əsasən, SDF-nin bütün döyüşçüləri təhlükəsizlik yoxlamasından sonra fərdi qaydada Suriya Müdafiə Nazirliyinin tərkibinə daxil ediləcək. Türkiyə ilə sərhəddə yerləşən Ayn əl-Ərəb (Kobani) şəhərindən ağır silahların çıxarılması və Suriya Daxili İşlər Nazirliyinə tabe olan yerli təhlükəsizlik qüvvələrinin formalaşdırılması da razılaşmanın mühüm bəndləri sırasındadır.

Razılaşmaya uyğun olaraq, İŞİD üzvlərinin saxlanıldığı həbsxanalar və onların ailələrinin yerləşdiyi düşərgələr Suriya hökumətinin idarəçiliyinə keçəcək. Eyni zamanda, SDF-nin hökumətdə təmsil olunması üçün namizədlər siyahısı təsdiqlənəcək. Sazişdə SDF-nin PKK-ya mənsub, Suriya vətəndaşı olmayan döyüşçüləri ölkə ərazisindən çıxarmaq öhdəliyi də yer alır.

Bununla yanaşı, Suriya dövləti İŞİD-ə qarşı mübarizəni davam etdirməyi üzərinə götürür, Həsəkə vilayətinə qubernatorun təyin edilməsi ilə bağlı prezident fərmanının verilməsi nəzərdə tutulur. Razılaşma çərçivəsində Afrin və Şeyx Məqsud bölgələrinə məcburi köçkünlərin qayıdışını asanlaşdıracaq mexanizmlərin hazırlanması da planlaşdırılır.

Poliqon.info

Избранный
176
poliqon.info

1Источники