RU

İran planı işə düşdü: post-Xamenei ssenarisi, yaxud hücum əmri

ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) növbəti ay ərzində 24 saat hazırlıq əmri verilib. Amerikalı rəsmilər də “Abraham Lincoln” təyyarədaşıyan gəminin Yaxın Şərqə göndərildiyini, gələn həftə bölgəyə çatacağını təsdiqləyirlər.

Bu, İrana qarşı hərbi əməliyyat planının rəfə qaldırılmadığı deməkdir və son açıqlamaqlar fonunda belə fikir yaranır ki, Vaşinqton Tehranın edamlarla bağlı vədinə əməl etmədiyi üçün “hücum ssenarini” yenidən aktuallaşdırıb, hərçənd, bu “söz güləşi” prosesin görünən tərəfidir.

ABŞ-ın İranda mövcud sistemin dəyişməsi hədəfində mümkün ssenarilər isə fərqli görünür. Bunu xüsusilə Trampın İrana hərbi müdaxilə ssenarisini təxirə salma səbəblərində axtarmaq olar.

Trampın “yolda olan köməyi”nin gəlib çıxmamasının üç mümkün səbəbi müzakirə edilir.

1. İran hakimiyyətinin edamları dayandırması vədi;
2. Türkiyə, İsrail və körfəz ölkələrinin hücuma qarşı çıxması;
3. Hərbi müdaxilə ilə rejimi dəyişdirməyin çətinliyi;

İlk iki səbəblə müqayisədə üçüncüsü daha güclüdür, xüsusilə İranda rejimin dəyişməsinə ən çox istəyən İsrailin müxalif mövqeyini bununla əsaslandırması fonunda. Bu, ABŞ və İsrailin İranda rejimi dəyişmək planında iki mümkün ssenarisi üzrə hərəkət edə biləcəyi fikrini önə çıxarır. Bu kontekstdə hücumun təxirə salınmasından öncə MOSSAD şefi David Barneanın Vaşinqtona səfəri də diqqətçəkəndir.

Birinci ssenari: rejimin daxildən dəyişdirilməsi;

ABŞ-İsrail nəticələrini proqnozlaşdırmağın çətin olduğu hücum əvəzinə post-Xamenei dövrünə hazırlıq ssenarisinə üstünlük verir. İranda Xamneidən sonra rejimin götürülməsi uğrunda qruplararası mübarizə gedir (keçmiş prezident İbrahim Rəisinin bu mübarizənin qurbanı olduğu ehtimalları var). Xamenei birləşdirici fiqurdur, onun yoxluğu (ölümü, yaxud prosesdən kənarlaşdırılması) mübarizəni şiddətləndirə və İranı xarici müdaxiləyə daha açıq hala gətirə bilər. Bu halda iki versiya...

a) İran-ABŞ təmaslarında post-Xamenei dövrü ilə bağlı müəyyən razılaşmalar var: rejim idarəçilikdə arxa plana çəkilir, islahatlara gedir, nüvə proqramı və digər tələblər qəbul edilir, əvəzində İranın bütövlüyü saxlanılır; bu razılaşmada rejim daxilində müəyyən qrupun iştirak etdiyi istisna edilməməlidir;
b) Xamenei neytrallaşdırılır və hakimiyyəti ABŞ-ın tələblərinin qəbul eidlməsi çərçivəsində yeni qruplaşma götürür;

Bu kontekstdə Trampın “İranda yeni lider axtarmağın zamanı çatıb açıqlaması”, Pezeşkianın isə “ali rəhbərə hücum müharibə deməkdir” xəbərdarlığı da diqqəti post-Xamenei planlarına çəkir. Mümkündür ki, ABŞ-ın hərbi qüvvələrini Yaxın Şərqə yönləndirməsi, İsrail ordusunun hazırlığı Xamenei ilə bağlı plana İranın əks-reaksiyasına hesablanıb.

İkinci ssenari: İrana qarşı effektiv əməliyyatlar;

İstisna deyil ki, ABŞ və İsrail tələsik hücumun nəticə verməyəcəyini hesablayaraq, rejimin dəyişməsinə yol açacaq effektiv əməliyyatlar hazırlayır. Hərbi hazırlıq da bununla bağlıdır.

Tramp hərbi hazırlığın başa çatmasına qədər diplomatik müstəvidə də addımlar ata – İrana müdaxiləyə qarşı çıxan müttəfiqlərinin razı salınması istiqamətində işləyə bilər. Hərbi və diplomatik hazırlıq başa çatdıqdan sonra isə İran rejimi qarşısında seçim qoyulacağı ehtimalı yüksəkdir: ya tələblərin qəbul edilməsi (bu, həm nüvə proqramı, həm ölkənin idarəçiliyi ilə bağlıdır), ya da hərbi müdaxilə;

Baş verənlər İran planının davam etdiyini deməyə əsas verir.

Asif Nərimanlı


Избранный
198
32
publika.az

10Источники