RU

Qan analizi süd vəzi xərçənginin müalicəsində ən effektiv üsulunu əvvəlcədən müəyyən edə bilər

Yeni DNT testi müalicəyə reaksiyanı başlamazdan öncə proqnozlaşdırmağa imkan verir...

Poliqon xəbər verir ki, alimlər sadə qan analizi vasitəsilə süd vəzi xərçənginin hansı müalicə metoduna daha yaxşı cavab verəcəyini əvvəlcədən müəyyən etməyə imkan verən yeni DNT testi hazırlayıblar. Sözügedən üsul həkimlərə pasiyentlər üçün ən uyğun terapiyanı daha erkən mərhələdə seçməyə kömək edir və səmərəsiz müalicə variantlarının qarşısını almağa şərait yaradır.

Məlumata görə, “maye biopsiya” adlanan bu üsul müalicəyə başlanmazdan əvvəl konkret dərman və ya terapiyanın pasiyentdə müsbət nəticə verib-verməyəcəyini qiymətləndirməyə imkan verir. Test London Xərçəng Araşdırmaları İnstitutunun alimləri tərəfindən hazırlanıb və xərçəng hüceyrələrinin qana buraxdığı dövriyyədə olan şiş DNT-sinin analizinə əsaslanır.

Tədqiqatın müəllifi, doktor İzolt Braun bildirib ki, aparılan araşdırma sadə qan analizinin süd vəzi xərçənginin müalicəyə necə cavab verəcəyinə dair erkən məlumat verə bildiyini göstərir. Onun sözlərinə görə, bu bilik həkimlərə pasiyentlərə təsirsiz dərmanlar təyin etməməyə və xərçəng irəliləməmiş alternativ müalicə üsullarını təklif etməyə imkan yaradır.

Araşdırma çərçivəsində alimlər irəliləmiş mərhələdə süd vəzi xərçəngi olan 167 pasiyentin qan nümunələrini təhlil ediblər. Tədqiqatda iştirak edən professor Nikolas Törnerin sözlərinə görə, bu testlərin xəstəliyin erkən mərhələlərində də effektiv olacağı ehtimal edilir. O qeyd edib ki, maye biopsiya müalicə ilə bağlı qərarların qəbulunu sürətləndirə, onları daha fərdiləşdirilmiş və nəticə etibarilə daha effektiv edə bilər.

Xatırladaq ki, süd vəzi xərçəngi dünyada ən çox rast gəlinən onkoloji xəstəlikdir və hər il qlobal miqyasda 2 milyondan çox insana bu diaqnoz qoyulur. Yeni texnologiyanın geniş tətbiqi gələcəkdə həm sağqalma göstəricilərinin artırılmasına, həm də səhiyyə resurslarından daha səmərəli istifadəyə töhfə verə bilər.

Poliqon.info

Избранный
55
poliqon.info

1Источники