RU

Antonio Koşta Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçılarının fövqəladə sammitini çağırıb

Berlin, 19 yanvar, AZƏRTAC

Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta yaxın günlərdə Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə fövqəladə sammitin keçiriləcəyini elan edib.

AZƏRTAC xəbər verir ki, A.Koşta bu barədə X sosial şəbəkəsində paylaşım edərək sammitdə ABŞ Prezidenti Donald Trampın gömrük rüsumları ilə bağlı hədələrinə Aİ-nin mümkün cavabının müzakirə olunacağını və razılaşdırılacağını bildirib.

O, Qrenlandiya ətrafında yaranmış son gərginliklərlə bağlı üzv dövlətlərlə apardığı məsləhətləşmələrin bir sıra əsas məsələlər üzrə vahid mövqeni bir daha təsdiqlədiyini bildirib. A.Koşta vurğulayıb ki, bu məsələlərə beynəlxalq hüququn prinsiplərinə, ərazi bütövlüyünə və milli suverenliyə hörmət, Danimarka və Qrenlandiyaya dəstək və həmrəylik, Arktikada sülh və təhlükəsizliyin transatlantik məkan üçün ümumi maraq kimi qəbul edilməsi, xüsusilə NATO çərçivəsində əməkdaşlıq daxildir.

Bununla yanaşı, gömrük rüsumlarının transatlantik münasibətlərə mənfi təsir göstərdiyi və Aİ–ABŞ ticarət sazişi ilə ziddiyyət təşkil etdiyi barədə ortaq mövqe ifadə olunub. Avropanın istənilən formada təzyiqə qarşı özünü müdafiə etməyə hazır olduğu, həmçinin Aİ-nin ümumi maraq doğuran bütün məsələlər üzrə ABŞ ilə konstruktiv dialoqu davam etdirməyə hazır olduğu da qeyd edilib.

 

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Избранный
177
1
azertag.az

3Источники