RU

Azərbaycan Zəngəzurun, dəmir yolun qanuni sahibidir - Vüqar Dadaşov

Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyanla ABŞ Dövlət katibi Marko Rubio Zəngəzur dəhlizinin (TRİP) açılmasının rəsmiləşdirilməsi barədə birgə Bəyannamə imzalayıb. ABŞ TRİP marşrutunda 74% paya, Ermənistan isə 26% paya sahib olacaq. Bu isə faktiki olaraq Azərbaycanla Naxçıvanı birləşdirən Zəngəzur yoluna ABŞ-ın nəzarəti deməkdir. 74% pay təkcə nəzarət hüququ deyil, eyni zamanda regionda gələcək iqtisadi və logistik imkanlarının ABŞ-ın əlində cəmlənməsi deməkdir.

Bu istiqamətdə Hafta.az-a danışan hüquqşünas, siyasi ekspert Vüqar Dadaşov mühüm məqamlara diqqət çəkib.

- Zəngəzur kimindir?

- Zəngəzur dəhlizinin mənsubiyyətinin müəyyən edilməsi üçün onun tarixi, hüquqi və mövcud geosiyasi baxımdan analizi, dəyərləndirilməsi zəruridir.

1920-ci ilin yanvarında Paris Sülh Konfransı çərçivəsində Antanta dövlətlərinin Ali Şurası Azərbaycan (AXC), Ermənistanı və Gürcüstanı de-fakto müstəqil dövlət kimi tanımışdır. Həmin dövrdə Azərbaycanın ərazisi 114 min kvadrat kilometr, Ermənistanın isə faktiki olaraq 9 min kvadrat kilometr çərçivəsində rəsmiləşmişdir. 1920-ci ilin aprelində Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından sonra, 1920-1921-ci illərdə RSFSR rəhbərliyinin və Zaqafqaziya Bürosunun inzibati-siyasi qərarları ilə Azərbaycanın razılığı olmadan Zəngəzur Ermənistanın tərkibinə verilmişdir. Bu qərarlar nə referendumla, nə beynəlxalq müqavilə, nə hüquqi razılaşma ilə müşayiət olunmamışdır. Nəticədə Azərbaycan Naxçıvanla birbaşa quru əlaqəsini itirmişdir.

- Ermənistanın Zəngəzurla bağlı ikitərəfli müqavilə və razılaşmaları nə dərəcədə qanunidir?

- Zəngəzur Ermənistanın ərazisi kimi təqdim edilsə də, SSRİ Dövlət Müdafiə Komitəsinin 6 iyul 1945-ci il qərarı və onun əsasında qəbul edilən 28 iyul 1945-ci il tarixli 647/9 saylı əmr, eləcə də SSRİ Nazirlər Sovetinin təsdiq qərarları ilə Zəngəzurdan keçən dəmir yolu xətti Azərbaycanın balansında saxlanılmışdır. Bu qərarlar SSRİ-nin dağıldığı günə kimi dəyişdirilməmiş, bu yolun mülkiyyəti faktiki və hüquqi baxımdan Azərbaycan SSR-ə məxsus olmuşdur. SSRİ-nin süqutundan sonra ittifaq respublikalarının balansında olan əmlaklar hüquqi varislik prinsipi ilə həmin dövlətlərin mülkiyyəti kimi tanınmışdır. Hüquqi baxımdan Zəngəzur dəhlizi üzərindən keçən yol Azərbaycanın əmlakı hesab olunur və bu fakt beynəlxalq hüquqda “notorious facti” - sübuta ehtiyacı olmayan fakt anlayışı ilə xarakterizə olunur. SSRİ dağıldıqdan sonra Ermənistanın həmin əmlakı faktiki olaraq mənimsəməsi və üçüncü dövlətlərlə bu mülkiyyət üzərində razılaşmalar bağlaması beynəlxalq hüquqda “nemo plus iuris ad alium transferre potest quam ipse habet” -heç kəs sahib olmadığı hüququ başqasına ötürə bilməz - prinsipinin açıq pozuntusudur. Eyni zamanda “ex injuria jus non oritur” - qanunsuzluqdan hüquq doğmaz - prinsipi baxımından zor və işğal nəticəsində əldə edilmiş hər hansı hüquq beynəlxalq səviyyədə etibarsızdır. Buna görə də, Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı bağladığı hər hansı razılaşma “illegal appropriation of property” -əmlakın qanunsuz mənimsənilməsi və “unlawful transfer of property - əmlakın qanunsuz şəkildə üçüncü şəxsə ötürülməsi xarakteri daşıyır və Azərbaycanın əmlak hüququnu itirmir.

- ABŞ-Ermənistan müaviləsi Azərbaycanın Zəngəzura mülkiyyətçi hüququna nə dərəcədə təsir göstərir?

- Zəngəzur yolunun Azərbaycana məxsusluğu tarixi, hüquqi və faktiki əsaslarla təsdiqlənmiş reallıqdır. ABŞ-Ermənistan arasında imzalanmış razılaşma isə Azərbaycanın tərəf olmadığı ikitərəfli sənəddir, bu səbəbdən yol de-fakto Azərbaycan ərazisi olaraq qalır və Azərbaycanın Zəngəzurdakı mülkiyyətinə iddia hüququnu əsaslı şəkildə qüvvədə saxlayır. Bir sözlə, Zəngəzurla bağlı nəinki Ermənistan-ABŞ arasında, ümumiyyətlə, digər dövlətlərlə bağlanmış hər hansı müqavilə və ya bəyanat Azərbaycanın iştirakı olmadan imzalanarsa, bu, Azərbaycanın Zəngəzura mülkiyyətçi hüququna təsir göstərmir.

Nəticə etibarilə, ABŞ-ın Zəngəzur marşrutuna nəzarəti Azərbaycanın hüquqi varisliyini zəiflətmir, əksinə, Zəngəzurun mənsubiyyətini mübahisə predmeti kimi beynəlxalq müstəviyə çıxarır. Bu gün Zəngəzur dəhlizi hüquqi yüklüdür və bu status Paris Sülh Konfransının, SSRİ DMK-nin qərarları əsasında “notorious facti” prinsipi ilə beynəlxalq hüquqla təsdiqlənir. İlk mərhələdə yolun açılması şərt və hədəfdir, sonrakı mərhələdə isə BMT və digər beynəlxalq təşkilatlarda Azərbaycanın mülkiyyət hüququnun tanınması üçün hüquqi prosedurlar həyata keçirilə bilər.

- Rusiya faktoru Zəngəzurla bağlı hələ də iddialı tərəf olaraq qalır. Vaxtilə torpaqlarımızı Ermənistana verən Rusiya indi hansı addımları ata bilər?

- Əvvəla, Azərbaycan Zəngəzurun, dəmir yolun qanuni sahibidir. Ermənistanın istənilən ölkə ilə razılaşması qanunsuzdur və Azərbaycanın iddiası tam əsaslıdır. Ancaq, Moskva da dəfələrlə bəyan edib ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat qüvvədədir və sənədə əsasən Zəngəzur dəhlizində nəzarət funksiyası Rusiyaya məxsusdur. ABŞ-Ermənistan razılaşması Moskvanın mövqeyi ilə açıq ziddiyyət təşkil edir və bu, yalnız regionda güc balansının pozulması riski deyil. Həmçinin Zəngəzur dəhlizində hüquqi və geosiyasi münaqişə potensialını da artırır. Düşünürəm ki, Moskva üçün vəziyyətdən çıxış kimi, ancaq Paşinyanın devrilməsi görünür. Rusiyanın Ermənistanda iyunda keçiriləcək parlament seçkilərinə müdaxiləsi və ölkədə hərbi çevrilişi də mümkündür.

Tahirə Qafarlı

Избранный
133
2
hafta.az

4Источники