RU

Epşteyn qalmaqalı Britaniya şahzadəsinin qızı ilə münasibətlərini POZUB

Ajans.az xəbər verir ki, bu barədə Daily Mail nəşri xəbər yayıb. Bildirilir ki, kral titullarından məhrum edilmiş Endryu Mauntbatten-Vindzor kiçik qızı ilə münasibətlərinin pozulmasından ciddi sarsıntı keçirir. Mənbələrin məlumatına görə, 35 yaşlı Yevgeniya atası ilə ünsiyyətdən imtina edir və hətta Milad bayramı zamanı onu ziyarət etməyib. Nəşr yazır ki, Yevgeniyanın böyük bacısı — Şahzadə Beatriça daha “balanslı mövqe” tutur: o, atası ilə əlaqəni qorumağa və eyni zamanda kral ailəsindəki nüfuzunu saxlamaga çalışır. Qeyd olunur ki, Endryu ilə Yevgeniya arasındakı münasibətlərin tamamilə pozulması artıq nüfuzu ciddi zədələnmiş keçmiş şahzadənin vəziyyətini daha da ağırlaşdırıb. Xüsusilə də onun uzun illər yaşadığı Vindzordakı Kral Lojası iqamətgahını tərk etməyə hazırlaşdığı bir dövrdə. Daha əvvəl, dekabrın 23-də mediada Şahzadə Endryunun Kraliça II Yelizavetanın sevimli mülklərindən biri olan Sandrinqemdə məhkum edilmiş Epşteynin yaxın tərəfdaşı Ghislaine Maxwell ilə ən azı bir dəfə görüş keçirdiyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, Endryu Epşteyn və onun ətrafı ilə əlaqələri çərçivəsində bu iqamətgahda məşuqələri olduğu iddia edilən qadınları qəbul edib. Qeyd edək ki, Ceffri Epşteynlə əlaqələr Şahzadə Endryunun ictimai karyerasına son qoyub. O, 2019-cu ildə kral ailəsinin üzvü kimi malik olduğu bütün rəsmi funksiyalardan və imtiyazlardan imtina edib. Daha sonra isə onu cinsi zorakılıqda ittiham edən Virciniya Cuffre ilə milyonlarla dollar məbləğində kompensasiya ödəməklə razılığa gəlib. Xatırladaq ki, maliyyəçi Ceffri Epşteyn cinsi istismar və yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərdə ittiham olunurdu. O, 6 iyul 2019-cu ildə həbs edilmişdi. Prokurorların bildirdiyinə görə, 2002–2005-ci illər ərzində Epşteynin Manhettendəki evinə onlarla azyaşlı qızın gətirilməsinə dair sübutlar mövcud idi. Qurbanlardan ən kiçiyinin yaşı 14 olub. Epşteynə qarşı cinayət işi onun ölümü ilə əlaqədar dayandırılıb. O, 10 avqust 2019-cu ildə həbsxana kamerasında ölü tapılıb. 2024-cü ilin yanvar ayında isə Nyu-Yorkun Cənub Dairəsi Epşteyn işi ilə bağlı sənədləri, o cümlədən elektron məktubları, şahid ifadələrini və hüquqi materialları ictimaiyyətə açıqlamağa başlayıb. İlkin sənədlərdə 150-dən çox şəxsin adı çəkilir.

 

Избранный
127
Ajans.az

1Источники