RU

Xaricdə təhsil almaq istəyənlərə ŞAD XƏBƏR

Yazını böyüt
Yazını kiçilt

2026/2027-ci tədris ili üçün Dövlət Proqramı üzrə xaricdə təhsil imkanlarının əhatə dairəsi genişləndirilib. Hafta.az xəbər verir ki, təsdiqlənmiş yeni siyahıya əsasən, namizədlərə 15 prioritet ixtisas istiqaməti üzrə dünyanın 33 ölkəsini təmsil edən 231 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan ümumilikdə 4121 proqram üzrə təhsil almaq imkanı yaradılıb. Siyahıya daxil edilən ali təhsil müəssisələri “Times Higher Education”, “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” kimi beynəlxalq reytinq sistemlərində yüksək mövqelərdə qərarlaşan universitetlərdir.

Dövlət Proqramı üzrə illik kvota 500 nəfər müəyyən edilib. Kvota çərçivəsində müraciətlərin sayından asılı olaraq rəqabət mühitinin tənzimlənməsi məqsədilə prioritet ixtisas istiqamətləri üzrə keçid ballarının tətbiqi istisna edilmir. Sənəd qəbulu zamanı yalnız ənənəvi (offline) təhsil forması üzrə, siyahıda yer alan ali təhsil müəssisələri və proqramlar əsasında təqdim edilən qəbul sənədləri qiymətləndiriləcək. Distant, executive, non-degree, eləcə də ikili və birgə diplom proqramları nəzərə alınmır.

Bu il Dövlət Proqramı çərçivəsində “Mədəniyyət və incəsənət” sahəsi üzrə imkanların genişləndirilməsi xüsusi diqqət çəkir. Ötən illərlə müqayisədə bu istiqamət üzrə siyahıya daxil edilən nüfuzlu ali təhsil müəssisələrinin sayı artırılıb ki, bu da dövlətin mədəni və yaradıcı sahələrə artan marağının göstəricisi kimi qiymətləndirilir.
Bununla yanaşı, beynəlxalq reytinq sistemlərində universitetlər üzrə ilk 10-luqda yer alan ali təhsil müəssisələri ilə bağlı yanaşmada dəyişikliklər edilib. Belə universitetlər tərəfindən təqdim olunan və siyahıda yer almayan istənilən ixtisas üzrə bakalavriat, magistratura və doktorantura proqramlarına qəbul alan şəxslər də Dövlət Proqramına müraciət edə biləcəklər. Lakin əvvəlki illərdə müraciətlərin çoxluğu nəzərə alınaraq, 2026/2027-ci tədris ilində bu yanaşma University College London (UCL) üçün tətbiq olunmayacaq və yalnız siyahıda göstərilən proqramlar üzrə müraciətlər qəbul ediləcək. Doktorantura səviyyəsində isə yalnız siyahıda yer alan ali təhsil müəssisələri üzrə qəbul sənədləri dəyərləndiriləcək.

Mövzu ilə bağlı ekspert Ramin Nurəliyev hafta.az-a bildirib ki, Dövlət Proqramı beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi baxımından mühüm platformadır. Onun sözlərinə görə, təqdim olunan yeni siyahı bir sıra yeniliklərlə yadda qalır və xüsusilə mədəniyyət ixtisaslarının proqram çərçivəsinə daxil edilməsi dövlətin bu sahəyə marağını açıq şəkildə nümayiş etdirir.

Ekspert vurğulayıb ki, proqram çərçivəsində xaricdə təhsil alan gənclərin əldə etdikləri bilik və bacarıqların gələcəkdə Azərbaycanda tətbiq olunması əsas məqsədlərdəndir. Onun fikrincə, 15 prioritet ixtisas arasında memarlıq, mühəndislik, xüsusilə kompüter mühəndisliyi və informasiya texnologiyaları dövlət üçün daha strateji və prestijli sahələr hesab olunur. Bu sahələrdə təhsil alan gənclərin beynəlxalq yenilikləri və inkişaf strategiyalarını ölkəyə gətirməsi nəzərdə tutulur.

Ramin Nurəliyev əlavə edib ki, beynəlxalq reytinq cədvəllərində ilk 10-luqda yer alan ali təhsil müəssisələrinə qəbul olunan namizədlərin, hətta ixtisas və ya universitet siyahıda yer almasa belə, Dövlət Proqramı çərçivəsində dəyərləndirilməsi müsbət və vacib addımdır. Onun sözlərinə görə, 2026/2027-ci tədris ilində 500-ə yaxın gəncin Dövlət Proqramı hesabına xaricdə təhsil alması planlaşdırılır, lakin növbəti illərdə siyahı və şərtlərdə dəyişikliklər edilə bilər.

Избранный
181
hafta.az

1Источники