RU

Ombudsman Aparatında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Bakı, 19 yanvar, AZƏRTAC

Ombudsman Aparatında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbiri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ombudsman Səbinə Əliyeva çıxış edərək 20 Yanvar hadisəsinin tariximizin faciəli, eyni zamanda, şərəfli və taleyüklü səhifələrindən biri olduğunu bildirib. O, bu hadisələr zamanı fundamental insan hüquqlarının, beynəlxalq hüququn əsas prinsiplərinin kütləvi şəkildə pozulduğunu qeyd edib.

İnsan hüquqları üzrə müvəkkil 20 Yanvar faciəsinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verildiyini, onun Moskvada Azərbaycanın daimi nümayəndəliyində verdiyi bəyanatla bu qanlı cinayətin dünya ictimaiyyətinin diqqətinə çatdırıldığını söyləyib.

S.Əliyeva beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti tərəfindən həmin dövrdə bu ağır cinayətə lazımi hüquqi-siyasi reaksiya verilmədiyini, bu ədalətsizliyin sonradan regionumuzda daha ağır cinayətlərin törədilməsinə zəmin yaratdığını qeyd edib. 20 Yanvar şəhidlərinin xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağı vurğulanıb.

20 Yanvar faciəsinin şahidi Nazim Ələkbərov da çıxış edərək xatirələrini bölüşüb, həmin gecənin xalqımızın yaddaşında silinməz izlər buraxdığını diqqətə çatdırıb.

Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

Yekunda Ombudsmanın 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı bəyanatı səsləndirilib.

Избранный
55
2
azertag.az

3Источники