RU

"Azadlıq istəyən xalqın qarşısını heç bir silahla almaq mümkün olmadı" - DEPUTAT

20 Yanvar faciəsindən 36-cı il keçir.

Bu hadisə insanlığa qarşı törədilmiş ən ağır cinayət olmaqla yanaşı, həm də xalqımızın şərəfli, qəhrəmanlıq tarixinə daxil olan bir gündür.

Xalqımız hər il 20 Yanvar günü əliyalın halda Sovet tanklarının qarşısına çıxan qəhrəmanlarının xatirəsini ehtiramla anır, onlarla qürur duyur. Xalqın öz qəhrəmanlarına olan münasibəti onu deməyə əsas verir ki, illər, əsrlər keçsə də 20 Yanvar şəhidləri xalqımız tərəfindən həmişə xatırlanacaq, onların qəhrəmanlığı gənclər üçün qürur və iftixar mənbəyi olaraq qalacaq.

Uzun müddət keçməsinə baxmayaraq, ictimaiyyət nümayəndələri, hadisənin şahidləri, ziyalılarımız bu qanlı hadisəni unutmurlar.     

Həmi dövrdə xalq hərəkatının iştirakçılarından olan  millət vəkili Arzuxan Əlizadə “Cebheinfo.az”-a bildirib ki, 20 Yanvar hadisələri Azərbaycan tarixində çox ciddi bir iz buraxmış oldu:

“Bu, imperiyanın 70 iləvvəl işğala saldığı Azərbaycana qarşı son həmləsi idi. Çünki həmin dövrdə Azərbaycanda azadlıq hərəkatı geniş vüsət almışdı. Yazda parlament seçkilərinin keçirilməsi ehtimalı böyük idi. 

Şübhəsiz ki, bu seçkilərdə xalq hərəkatı öz namizədləri ilə parlamentdə təmsil olunacaq və Azərbaycanın artıq müstəqilliyə doğru sonuncu, həlledici addım atması yaxınlaşıb. 

Ona görə də bunu nəzərə aldılar və  Azərbaycana qarşı misli görünməmiş hərbi əməliyyat həyata keçirildi. O zaman SSRİ-nin daxili qoşunları, hərbi hissələr, ən güclü elit dəstələr Azərbaycana göndərildi və silahsız insanlara qarşı çox böyük hərbi əməliyyatlar həyata keçirildi.

Nəticədə 100-dən artıq dinc sakinimiz həlak oldu. Bu günə qədər də itkin düşənlərimiz var. Eləcə də 600-dən artıq yaralımız oldu. Təbii ki, 20 Yanvar hadisələri çox ciddi bir aksiya kimi yadda qaldı. Ancaq bu proseslər Azərbaycan xalqının iradəsini qırmadı, əksinə onu imperiyaya qarşı mübarizədə daha əzmkar olmağa sövq etdi.

Nəhayət, biz 2 ilə yaxın müddətdən sonra həlledici addımlarımız atdıq və müstəqilliyimizi əldə etmiş olduq. Ancaq bu tarix xalqımızın qan yaddaşından silinməyib. Hər il yanvarın 20-də 10 minlərlə, bəzən 100 minlərlə vətəndaşlarımızın Şəhidlər xiyabanına axını olur. Şəhidlərimizin xatirəsi yad edilir, onlar ən uca məqamda tutulur". 

O bildirib ki, xalq o hadisələri unutmur:

"Biz heç vaxt o gecəni unutmuruq. Mən özüm də həmin gecənin iştirakçısıyam. Bütün o proseslərin içərisində olmuşuq və kino lenti kimi o vəhşiliklər, qırğınlar, dinc insanların gülləbaran edilməsi, tankların insanların üzərinə sürülmsi gözümüzün önündən keçir. Bütün bu hadisələr heç bir yadımızdan çıxmayacaq. 

Xalqımızın zaman-zaman müstəqillik istiqamətində atdığı addımların qarşısı elə vəhşiliklərlə alınıb. Bu hadisə də onlardan biridir. Ona görə də 20 Yanvar bizim qan yaddaşımızdır.

Hesab edirəm ki, 20 Yanvar faciə günü deyil. Çünki 20 Yanvar Azərbaycanın qəhrəmanlıq salnaməsinin ən parlaq nümunələrindən biridir. Həmin gecə vətəndaşlar yalın əllə tankların, silahlı əsgərlərin qarşısında dayandı. Heç kəs qaçmadı. Hər kəs öz iradəsini ortaya qoymuş oldu.

Bir daha sübut olundu ki, azadlıq istəyən xalqın qarşısını heç bir silahla, topla, tüfənglə almaq mümkün deyil. Biz bunu öz iradəmizlə, daxili gücümüzlə məhz 20 Yanvar günündə bir daha təsdiq etmiş olduq”. 

Избранный
128
cebheinfo.az

1Источники