RU

İran Səfirliyi: “Hadisələr “dörd” mərhələdə baş verib”

Yazını böyüt
Yazını kiçilt

İran İslam Respublikasının ölkəmizdəki Səfirliyi İranda baş verən məlum hadisələrlə bağlı açıqlama yayıb.

Hafta.az yazır ki, Səfirlik, Azərbaycan mediasının İranda iqtisadi tələblər ətrafında başlayan, lakin İsrail və ABŞ-ın birbaşa və aşkar təhriki ilə zorakılığa çevrilən etirazlarla bağlı müraciətlərinə cavab olaraq, ictimaiyyəti məlumatlandırmaq məqsədilə aşağıdakı faktları diqqətə çatdırır:

Sözügedən hadisələr “dörd” mərhələdə baş verib:

1. Birinci mərhələ (28-31 dekabr): Mülki etirazlar – Bu mərhələdə nümayişlər bazar və bəzi gildiyalar səviyyəsində çox dinc və məhdud şəkildə keçirilib. Bu səbəbdən, şəxsən cənab Prezident etirazçıların nümayəndələri ilə görüşərək onların tələblərinin qarşılanması yolları barədə fikir mübadiləsi aparıb; nazirlərə və valilərə gildiya nümayəndələri, eləcə də iqtisadi fəallarla dialoq qurmaq barədə tapşırıqlar verib.

2. İkinci mərhələ (1-7 yanvar): Zorakı, lakin qeyri-silahlı etirazlar – İkinci mərhələdə, gildiyaların haqqlı tələblərindən sui-istifadə etmək məqsədi güdən yeni ünsürlər bəzi xalq kütlələrinin arasına sızaraq, zorakı hərəkətlərə yol veriblər. Bu mərhələdə təhlükəsizlik qüvvələri zorakılığın kəskinləşməsinin qarşısını almaq üçün tam təmkinlə davranıblar. Vəziyyət hələ də tam nəzarət altında idi. Bu qəbildən olan nümayişlər digər ölkələrin təcrübəsində də tez-tez müşahidə olunan hallardır.

3. Üçüncü mərhələ (8-10 yanvar): Silahlı zorakılıq və terror aktları (12 günlük müharibənin 13-cü günü) – Təəssüflə qeyd edilməlidir ki, bu mərhələdə terrorçu və silahlı ünsürlər aksiyaların dinc məcradan çıxararaq vəziyyəti kəskinləşdirib, itkilərin sayını artırmaq məqsədilə polisə və mülki vətəndaşlara qarşı həm odlu, həm də soyuq silahlardan istifadə ediblər. ABŞ və İsrail tərəfindən koordinasiya edilən qüvvələrin təhrikedici fəaliyyətlərini sübut edən çoxsaylı video-görüntülər və sənədlər mövcuddur. Bu amansız silahlı qruplar xaos yaratmaq məqsədilə, habelə Sionist rejimin və ABŞ-ın İrana qarşı yönəlmiş 12 günlük hərbi təcavüz siyasətinin davamı kimi küçələrə axışaraq, ağır cinayətlərə və qan tökülməsinə rəvac veriblər.

4. Dördüncü mərhələ (10 yanvardan etibarən): Nəzarətin bərqərar edilməsi – Dördüncü mərhələdə, təhlükəsizlik qüvvələri vəziyyəti tam nəzarətə götürmək, terrorçuların vətəndaşlara və şəhər infrastrukturuna vurduğu zərərlərin qarşısını almaq, habelə İran xalqının bədxahlarının mənfur terror planlarını puça çıxarmaq məqsədilə hərəkətə keçiblər. Görülmüş operativ tədbirlər nəticəsində çox sayda terrorçu ünsür silahlı vəziyyətdə cinayət başında yaxalanıb və ölkədə asayiş tam bərpa edilib.

“Dəymiş zərər və tələfatın statistik mənzərəsi”:

• Çox sayda ictimai iaşə obyekti, dövlət binası və polis məntəqəsi yandırılaraq tamamilə yararsız hala salınıb.
• Vətəndaşlara məxsus mülklər və mənzillər hədəf alınıb, bəzi şəhərlərdə
200-ə yaxın ticarət obyekti odlanıb.
• Mağazalarını bağlamaqdan imtina edən sahibkarlar fiziki məhv və yandırılma ilə hədələniblər.
• Xüsusi təyinatlı texnikalar hədəfə alınıb; 53 yanğınsöndürən və 180 təcili tibbi yardım maşını yandırılıb.
• Təkcə paytaxtda 26 bank filialı və 25 məscid vandalizm aktına məruz qalaraq yandırılıb.
• Ölkə miqyasında ümumilikdə 53 məscid yandırılıb.
• Yaralı şəxslər qətlə yetirilib; belə ki, vətəndaşların yaralıları xəstəxanaya çatdırmaq cəhdi zamanı, bəzi şəxslər kömək bəhanəsi ilə onlara qoşulub, lakin bir qədər sonra hər 11 yaralıya yaxın məsafədən “nəzarət atəşi” açaraq onları qətlə yetiriblər.
• Silahlı terrorçulardan 1300-dən çox odlu silah və hərbi sursat aşkar edilərək müsadirə olunub.

İran İslam Respublikası xalqın dinc etiraz və qanuni tələb hüququnu tanımaqla bərabər, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə, xüsusilə dinc nümayişlər zamanı insanların can və mal təhlükəsizliyinin, ictimai mülkiyyətin və milli asayişin qorunmasına tam sadiqdir. Şübhəsiz ki, milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə uyğun olaraq, iğtişaşçılar, təxribatçılar və terrorçu ünsürlərə qarşı ən qətiyyətli tədbirlər görüləcək.

Избранный
80
1
hafta.az

2Источники