Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, Tramp administrasiyasının səkkiz Avropa ölkəsindən idxala rüsum tətbiq etmək qərarı artıq klassik iqtisadi tədbir çərçivəsindən çıxaraq siyasi təzyiq alətinə çevrilib. 10 faizlə başlayıb 25 faizə qədər artırılması planlaşdırılan tariflər Avropa İttifaqı ilə ABŞ arasında uzun illər formalaşmış etimad mühitini ciddi şəkildə zədələyə bilər. Bu, açıq şəkildə göstərir ki, Vaşinqton müttəfiqlərlə münasibətlərdə belə "birincilik" və "məcburetmə" siyasətindən geri çəkilmir.
"Avropa Komissiyası və Şurasının Danimarka və Qrenlandiyaya tam dəstək ifadə etməsi isə onu göstərir ki, Brüssel bu dəfə məsələni təkcə ticarət mübahisəsi kimi deyil, suverenlik və təhlükəsizlik problemi kimi qiymətləndirir. Trampın Avropanın Qrenlandiyaya qoşun göndərməsini "təhlükəli oyun" adlandırması isə ritorikanın artıq diplomatik çərçivəni aşdığını göstərir.
Hesab edirəm ki, bu proses NATO daxilində də ciddi suallar doğurur. Əgər alyans üzvləri bir-birinə qarşı iqtisadi sanksiyalar tətbiq edir, təhlükəsizlik məsələlərində qarşılıqlı ittihamlara keçirsə, bu, NATO-nun daxili həmrəyliyinin zəifləməsinin göstəricisidir. Xüsusilə Arktika kimi həssas bölgədə koordinasiyanın pozulması daha geniş təhlükəsizlik riskləri yarada bilər.
"Düşünürəm ki, Qrenlandiya ətrafında baş verənlər yeni geosiyasi qarşıdurmanın ilk ciddi siqnallarıdır. Bu, təkcə ABŞ-Avropa münasibətlərinin yox, bütövlükdə Qərb dünyasının gələcək strateji xəttinin hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirən sınaq mərhələsidir. Burada uduzan tərəf isə qarşılıqlı etimadı itirən və parçalanma riski ilə üzləşən transatlantik məkan ola bilər", - deyə, ekspert əlavə edib.
Lamiyə Cəbrayılova