RU

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 67,6 milyard manatlıq məhsul satılıb

Bakı, 19 yanvar, AZƏRTAC

2025-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 67,6 milyard manatlıq, o cümlədən 36,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 30,7 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2024-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 faiz, qeyri-ərzaq malları üzrə 6,8 faiz artıb.

Hesabat ilində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 550,2 manat və ya 2024-cü illə müqayisədə nominal ifadədə 42,1 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 300,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 249,9 manatlıq qeyri-ərzaq malları alıb.

2025-ci ildə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 54,6 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 14,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 4,7 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,4 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən pərakəndə ticarət şəbəkəsində satılmış malların dəyəri 2024-cü illə müqayisədə 3,8 faiz artaraq 67 milyard 475,9 milyon manata bərabər olub, onun 49,9 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

2025-ci ildə pərakəndə ticarət dövriyyəsinin 0,42 faizi informasiya sistemlərindən (internet, ekstranet və s.) istifadə edilməklə malların alqı-satqısı üzrə həyata keçirilən fəaliyyət sayəsində formalaşıb. 2024-cü illə müqayisədə elektron pərakəndə ticarət dövriyyəsi real ifadədə 72 faiz artaraq 284,9 milyon manat təşkil edib.

Избранный
163
azertag.az

1Источники