RU

Türkiyə–Azərbaycan münasibətləri 34 il ərzində rəmzi qardaşlıqdan strateji müttəfiqlik səviyyəsinə yüksəlib – ŞƏRH

Bakı, 19 yanvar, AZƏRTAC

Türkiyə ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından 34 il ötür. Bu dövr iki ölkə arasındakı əlaqələrin təkcə tarixi inkişaf yolunu deyil, eyni zamanda münasibətlərin regional və qlobal siyasətdə tutduğu strateji mövqeyi qiymətləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Hatay Mustafa Kamal Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi, beynəlxalq münasibətlər üzrə ekspert Nəzrin Əlizadə bildirib.

O, qeyd edib ki, Türkiyə–Azərbaycan münasibətləri sadə diplomatik yaxınlaşma modeli çərçivəsində formalaşmayıb, əksinə, regiondakı güc balansları, Qarabağ münaqişəsi, Rusiyanın Cənubi Qafqaz siyasəti və Türkiyənin xarici siyasət prioritetləri fonunda tədricən strateji məzmun qazanıb.

Onun sözlərinə görə, 1990-cı illərdə bu münasibətlər daha çox siyasi və mənəvi dəstək səviyyəsində qalıb. 2000-ci illərdən etibarən enerji layihələri Türkiyə–Azərbaycan əlaqələrini keyfiyyətcə yeni mərhələyə yüksəldib: “Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum layihələri Azərbaycanı dünya enerji bazarlarına çıxararkən, Türkiyəni regionun əsas tranzit aktoruna çevirdi. Bu proses münasibətləri institusional səviyyəyə daşıdı”.

Ekspertin fikrincə, 2010-cu ildən sonra imzalanan Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Sazişi iki ölkənin təhlükəsizlik anlayışını bir-biri ilə birbaşa əlaqələndirdi: “Bu xəttin real nəticələri isə 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı aydın şəkildə üzə çıxdı. 44 günlük Vətən müharibəsində Türkiyə dövlətinin və xalqının Azərbaycana qətiyyətli dəstəyi xüsusi qeyd olunmalıdır. 2021-ci ildə imzalanan Şuşa bəyannaməsi ilə isə münasibətlər rəmzi qardaşlıqdan faktiki strateji müttəfiqlik səviyyəsinə yüksəldi”.

N.Əlizadə gələcək perspektivlərə toxunaraq bildirib ki, Türkiyə–Azərbaycan münasibətləri üç əsas istiqamətdə dərinləşəcək: hərbi əməkdaşlığın institusionallaşması, nəqliyyat və bağlantı layihələri, eləcə də regional balans siyasəti. Onun sözlərinə görə, Zəngəzur dəhlizi və Orta Dəhliz təşəbbüsləri bu münasibətləri Orta Asiyaya uzanan daha geniş geoiqtisadi strategiyanın mərkəzinə çevirir.

“Yaşıl enerji layihələri və Azərbaycanın bu sahədə regional mərkəzə çevrilməsi planları da münasibətlərin yeni mərhələsini formalaşdırır. Bu əməkdaşlıq artıq təkcə karbohidrogenlər üzərində qurulmur, enerji təhlükəsizliyi və dayanıqlı inkişaf kontekstində yenidən tərif olunur”, - deyə ekspert qeyd edib.

Sonda N.Əlizadə vurğulayıb ki, Türkiyə–Azərbaycan münasibətləri bu gün Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına, Türk dünyasının inteqrasiya potensialına və regional əməkdaşlıq modellərinə təsir göstərən əsas siyasi oxlardan birinə çevrilib. Münasibətlərin gələcək uğuru məhz bu çoxqatlı regional reallığın balanslı və davamlı şəkildə idarəsindən asılı olacaq.

Избранный
119
azertag.az

1Источники