RU

Cadu, nəzər, nəfs... - Azərbaycanda ən çox qorxulan ADLAR

Ailədə uşaqlara nənə və babaların adlarının qoyulması uzun illərdir müzakirə mövzusudur. Bəziləri bunu doğru və ənənəvi addım kimi qiymətləndirsə də, digərləri hesab edir ki, verilən hər bir ad yeni doğulan uşağın üzərinə müəyyən mənfiliklər və enerji yükləyə bilər. Xüsusilə də nənə və ya babanın taleyi uğursuz olubsa, uşağın da eyni aqibətlə üzləşəcəyinə inananlar az deyil. El arasında isə belə bir yanaşma da var ki, əgər nənə və baba varlı və uğurlu həyat yaşayıbsa, onların adlarını nəvəyə qoymaq olar, əks halda bu məsələ mübahisəlidir. Bu cür fikirlər təkcə nənə-baba adları ilə deyil, ümumilikdə vəfat etmiş qohumların adlarının uşaqlara verilməsi ilə bağlı da səsləndirilir.

Çox uzağa getməyək, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun dekabrın 17-də vəfat edən nəvəsinin də mərhum əmisinin adını daşıdığı məlum olub. Belə ki, o, 5 yaşında vəfat edən oğlunun adını nəvəsinə verib. 

Eyni zamanda 44 günlük müharibədən sonra Kəlbəcərdə minaya düşərək şəhid olan Məhərrəm İbrahimov da İkinci Dünya müharibəsində həlak olan babasının adını daşıyırmış. Hətta Məhərrəmin anası uşağa bu adı qoymaq istəmirmiş və ömrünün qısa olacağından ehtiyat edirmiş. Lakin Məhərrəm də babası kimi, eyni ad-soyadla və eyni yaşda – 39 yaşında şəhid olub.

Bu kimi nümunələri çoxaltmaq mümkündür. Ancaq bu o demək deyil ki, hər kəs ona qoyulan adın taleyini mütləq yaşayacaq.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan Rusiyada yaşayan azərbaycanlı ekstrasens, kliniki psixoloq Zirəddin Rzayev bildirib ki, insana qoyulan adlar onun taleyində mühüm rol oynaya bilər. Onun sözlərinə görə, tarixdə hürufiliyə mənsub olan İmadəddin Nəsimi, Fəzlullah Nəimi, Məhəmməd Füzuli kimi şəxsiyyətlər də hərflərin və adların insan taleyinə təsirinə inanıb:

“Mən inanıram ki, hər bir hərfin, sözün və adın öz enerjisi var. Səsin özü belə enerjidir. İnsanlar bir-birini məhz söz vasitəsilə anlayır. Elə adlar var ki, insanın taleyində böyük rol oynayır, ona uğur da gətirə bilər, uğursuzluq da. Amma bütün uğursuzluqları adla bağlamaq düzgün deyil. Elə insanlar var ki, sırf bu inanca görə adını-soyadını, hətta dinini dəyişir. Düşünürlər ki, yeni ad onlara uğur gətirəcək. Bu məntiqlə baxsaq, adı Məhəmməd olan hər kəsin də dinə və peyğəmbərə bağlı olması gərəkdir. Əsas məsələ insanın öz adını ucaltmasıdır. Bununla belə, adların düşərli və düşərsiz olması məsələsi həqiqətdir və mən buna inanıram”.

Zirəddin Rzayev əlavə edib ki, bəzi adlar mənfi enerji daşıya bilər. Onun sözlərinə görə, Yezid adı buna nümunədir:

“Yezid İmam Hüseynin qatilinin adıdır. Hansısa uşağa bu ad qoyulsa, onun qoruyucu qüvvələri zəifləyə bilər. Əgər bir insanın adı Allah tərəfindən bəyənilmirsə, o, daha çox bəlalara düçar ola bilər. Ölmüş insanların adları da uşaqlara həm uğur, həm də uğursuzluq  gətirə bilər. Burada əsas məsələ həmin şəxsin necə insan olmasıdır. İnsanların içi ya işıqlı, ya da qaranlıqdır. Qaranlıq insanların adı uşaqlar üçün düşərsizdir. Cadu, nəzər, nəfs kimi anlayışlar da realdır və bunların hər biri insan həyatında rol oynayır. Adlar da bu amillər sırasındadır. Bunu həm elm, həm də “Qurani-Kərim” təsdiqləyir”.

Onun sözlərinə görə, insan harada doğrunun, harada yanlışın olduğunu hər zaman ayıra bilmir:

“İnancın ölçüsünü müəyyən etmək mümkün deyil. Ehtiyatlı olmaqda fayda var. Hər şeyi təsadüfə buraxmaq olmaz. 11 sentyabr hadisəsində təkrarlanan 11-lər də təsadüfi deyildi. Hər hərf kimi, hər rəqəmin də insan həyatında rolu var. Allah insana ağıl və şüur verib. İnsan bilərəkdən yanlış edirsə, bu artıq problemdir. Uşağa elə bir ad vermək lazımdır ki, o ad yerinə düşsün”.

Numeroloq Xəyal Məmmədov isə bildirib ki, övlada qoyulan adın sahibindən halallıq almaq mütləqdir:

“Hər bir insanın adı enerji mənbəyidir. Hətta adlardakı hər hərfin özü belə bir enerjidir. Vəfat etmiş adamların adını yeni doğulan uşaqlara vermək düzgün addım deyil. Övlad dünyaya gələndə ona kiminsə adını qoymağı düşünürlərsə, həmin adamlardan hallalıq almalıdır. Yəni tutaq ki, valideyn övladına öz atasının adını verəcəksə, bunun üçün həmin şəxsdən icazə almalıdır. Əks halda yenidoğulan da həmin insanın başına gələn şeyləri yenidən yaşayır.  Ona görə də belə şeyləri məsləhət görmürəm”.

O qeyd edib ki, bu cür uğursuzluqlar birbaşa insanın şüuraltına da təsir edir:

“Bu cür şeylər istər-istəməz insanın taleyinə də təsirsiz ötüşmür. Numeroloji baxımdan da adlarımız bizim enerjimizdə ikinci kateqoriyamızdır. Adın mənası, hərflərin sayı, bunların hamısı bizim enerjimizə birbaşa təsir edir. Mən də öz qızıma anamın adını vermişəm, lakin o sağ ikən ondan halallığını almışam. Bir insan gənc yaşda vəfat edib və uğursuz həyatı olubsa, eyni adın daşıyıcılığını da ona yükləmək olmaz”.

Bu mövzu ilə bağlı mübahisələrin nə dərəcədə doğru olduğu hər kəs üçün fərqli ola bilər. Lakin görünən odur ki, ad məsələsi cəmiyyətdə hələ uzun müddət müzakirə olunacaq və insanları düşündürməyə davam edəcək. Ümumilikdə isə ad valideyn tərəfindən uşağa verilən ilk hədiyyələrdən biridir. Bu da onun şəxsiyyət kimliyinin, xarakterinin formalaşmasına təsir edən əsas faktordur.

Aytac Əliyeva


Telegram kanalımız
Избранный
75
yenisabah.az

1Источники