RU

İsrailli politoloq: 20 Yanvar faciəsi yeni Azərbaycanın formalaşmasının başlanğıc nöqtəsi olub

Bakı,19 yanvar, AZƏRTAC

20 Yanvar hadisələri Azərbaycan tarixində ən ağır və sarsıdıcı faciələrdən biri olmaqla yanaşı, eyni zamanda, ölkənin gələcək taleyində həlledici dönüş nöqtəsinə çevrildi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında israilli politoloq Lev Spivak deyib.

Onun sözlərinə görə, 1990-cı il yanvarın 20-də sovet ordusunun Bakıya yeridilməsi və dinc əhaliyə qarşı törədilən qırğın bütün cəmiyyət üçün dərin şok effekti yaratmışdı: “Bu, hər hansı xarici düşmən ordusunun hücumu deyildi. Bu, bizim yaşadığımız ölkənin, sovet vətəndaşı olduğumuz bir dövlətin ordusu idi. İnsanlar küçədə təsadüfən qarşılarına çıxan əsgərlər tərəfindən güllələnirdi. Bu faktın özü hadisəni daha da dəhşətli edirdi”.

Lev Spivak qeyd edib ki, həmin gecə baş verənlər cəmiyyətin böyük bir hissəsinin həyatını kökündən dəyişdi: “20 Yanvara qədər normal, sakit həyat var idi. Lakin bu faciədən sonra milli mənsubiyyətindən asılı olmayaraq hamı çıxış yolu axtarırdı. Bu hadisə bir dövrün sonu və tamamilə yeni bir həyat mərhələsinin başlanğıcı oldu”.

Politoloqun fikrincə, faciə nə qədər ağır olsa da, tarixi proseslər baxımından yeni reallıqların formalaşmasına zəmin yaratdı: “Bu böyük meşə yanğınına bənzəyir: hər şey yanıb kül olur, amma məhz həmin torpaq üzərində yeni həyat cücərir. Mən hesab edirəm ki, 20 Yanvar yeni Azərbaycanın doğuluşunun başlanğıc nöqtəsi oldu. Məhz bu hadisələrdən dərhal sonra Ulu Öndər Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyində cəsarətli çıxış edərək bu qanlı əməliyyatı açıq şəkildə pisləmişdi. Bu çıxış Heydər Əliyevin Azərbaycana qayıdışının və ölkənin gələcək rəhbərliyinin əsasını qoydu. Sonrakı proseslər göstərdi ki, məhz bu yol Azərbaycanın müstəqil, güclü və bu gün artıq beynəlxalq siyasi arenada söz sahibi olan dövlətə çevrilməsinə gətirib çıxardı”.

İsrailli politoloq bildirib ki, tarixdə “əgər” anlayışı olmasa da, 20 Yanvar hadisələrinin Sovet İttifaqının dağılmasında mühüm rol oynadığına dair fikirlər mövcuddur: “Bəlkə də bu faciə olmasaydı, proseslər fərqli cərəyan edərdi. Amma reallıq budur ki, bu qan, bu ağrı yeni bir mərhələnin əsasını qoydu”.

Lev Spivak vurğulayıb ki, 20 Yanvar həm matəm, həm də tarixi dərs günüdür: “İsraildə həlak olanların xatirəsinə həsr olunmuş Anım Günü ilə Müstəqillik Günü arasında cəmi 60 saniyəlik fasilə var. Biz əvvəlcə İsrail uğrunda həyatını itirən bütün insanları yad edirik. Cəmi 60 saniyə sonra isə Müstəqillik Gününün qeyd olunması başlayır. Çünki bu iki anlayış bir-biri ilə ayrılmaz şəkildə bağlıdır Düşünürəm ki, 20 Yanvar Azərbaycanın tarixində hər şeyin başlandığı mühüm dönüş nöqtəsidir. Bu tarixdə yaşanan böyük faciə zamanla yeni bir dövlətin, yeni bir milli şüurun formalaşmasına yol açdı. Burada kədər tədricən tarix qarşısında minnətdarlığa çevrilir”.

Избранный
115
1
azertag.az

2Источники