İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) qlobal internet performansının ölçülməsi üzrə ixtisaslaşmış “Ookla” platformasının metodologiyasına əsaslanaraq, 2025-ci ilin dekabr ayı üzrə Azərbaycanda fəaliyyət göstərən sabit genişzolaqlı internet provayderlərinin sürət göstəricilərinə dair təhlilini ictimaiyyətə təqdim edib.
“Speedtest Intelligence” məlumatları əsasında hazırlanmış “Azərbaycan üzrə Sabit Genişzolaqlı İnternet Xidmətləri üzrə Təhlil – 2025-ci ilin dekabr ayı” adlı hesabat Agentliyin rəsmi internet saytında dərc olunub.
Hesabat əvvəlki aylarda olduğu kimi, provayderlərin internet sürətlərini üçpilləli rəng kodlaşdırılmış təsnifat üzrə təqdim edir. Vizual yanaşmada ayrı-ayrı provayderlər üzrə konkret Mbps göstəriciləri göstərilmir. Bunun əvəzinə, “Ookla”nın rəsmi məlumatlarında əks olunan median sürət göstəricilərinə əsaslanaraq provayderlər aşağıdakı kateqoriyalar üzrə qruplaşdırılıb:
🟢 Yüksək sürət – 90 Mbps və yuxarı
🟡 Orta sürət – 50–89 Mbps
🔴 Aşağı sürət – 1–49 Mbps
Bu format istifadəçilərə bazardakı ümumi vəziyyəti daha rahat müqayisə etməyə, qısa və vizual baxımdan anlaşılan şəkildə dəyərləndirməyə imkan yaradır. Təsnifat “OOKLA Speedtest Intelligence” platformasının median ölçmə nəticələrinə əsaslanaraq İKTA tərəfindən aparılıb.
Qeyd olunur ki, “Ookla”nın rəsmi reytinq sisteminə yalnız metodoloji tələblərə tam cavab verən və kifayət qədər ölçmə nümunəsinə malik provayderlər daxil edilir. Bununla yanaşı, İKTA-nın təqdim etdiyi cədvəldə ölkə üzrə “Ookla” tərəfindən qeydə alınan bütün fəaliyyət göstərən provayderlər əhatə olunub.
Provayderlərin Speedtest ölçmələri əsasında sürət kateqoriyaları üzrə qruplaşdırılması Azərbaycanda internet xidmətlərinin keyfiyyətinin inkişaf tendensiyalarını daha aydın izləməyə şərait yaradır.
İKTA bildirir ki, bu tip analitik və vizual təqdimat tənzimləyici mexanizmlərin effektivliyinin artırılmasına, provayderlər arasında sağlam rəqabətin formalaşmasına və istehlakçıların internet sürəti seçimində daha məlumatlı qərar verməsinə mühüm töhfə verir.
Agentlik gələcəkdə də “Ookla” ilə əməkdaşlığı davam etdirərək internet xidmətlərinin keyfiyyəti üzrə milli göstəricilərin mütəmadi yenilənməsini və analitik monitorinq imkanlarının genişləndirilməsini planlaşdırır.