Bu il Şabran şəhəri ərazisində Şabrançayda baş verən sel və daşqınlar nəticəsində zərər görmüş su və kanalizasiya şəbəkələrinin bərpası, həmçinin şəhərin tullantı su təmizləyici qurğular kompleksində əsaslı təmir işlərinin aparılması planlaşdırılır.
Bu barədə "Report" Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən xəbər verir.
Bildirilib ki, 2026–2027-ci illərdə Şabran rayonunun Qəndov kəndində mövcud su təchizatı sisteminin yenidən qurulması üçün layihə sənədləri hazırlanacaq və tikinti işləri həyata keçiriləcək.
Qeyd olunub ki, Şabran şəhərinin su təchizatı Şollar-2 magistral su kəmərləri vasitəsilə təmin edilir. Şəhərdə ümumilikdə 6 872 abonent mövcuddur. Su təsərrüfatı infrastrukturu çərçivəsində uzunluğu 5,2 km olan magistral su kəməri, 150 km daxili paylayıcı şəbəkə, 134 km kanalizasiya xətləri, 3 meydançada yerləşən su anbarları kompleksi, 3 nasos stansiyası və sutkalıq 10 min kubmetr gücündə tullantı su təmizləyici qurğular kompleksi istismar olunur.
Ümumilikdə rayon üzrə 23 yaşayış məntəqəsində 2 374 abonent su təchizatı xidməti ilə təmin edilir.