RU

Sumqayıtda məmurun müsadirə etdiyi meyvələr qaytarıldı - REPORTAJ

Son günlər sosial şəbəkələrin Azərbaycan seqmentində bir video sürətlə yayılır. Minlərlə paylaşım, on minlərlə şərh, rəy... Mətbuat da məsələyə biganə qalmayıb, bu mövzunu geniş işıqlandırıb.

Videodan məlum olan odur ki, məkan Sumqayıt şəhəridir. Burada hansısa məmur küçədə meyvə-tərəvəz satan vətəndaşla kobud formada danışır, ondan meyvə-tərəvəzi yığışdırmağı tələb edir, lakin bununla da kifayətlənmir. Həmin şəxsdən meyvə yeşiklərini məmuru müşahidə edən avtomobilə yükləməyi tələb edir: “Səki piyadalar üçündür, burada satırsansa, almalar sənin deyil”.

Elə videonu da məşhurlaşdıran bu nüansdır. Məlum məsələdir, insanlar məmurun hərəkətlərini qınayır, həmin vətəndaşa dəstək ifadə edirlər.

Amma görüntülərdə bu hərəkəti edən vəzifəli şəxsin və onun “qurbanına” çevrilən vətəndaşın kimliyi məlum deyil.

“Yeni Sabah”ın əməkdaşı məsələnin təfərrüatını öyrənmək üçün hadisə yerində olub.

Hadisə Sumqayıtın 18-ci mikrorayonu ərazisində baş verib. Bura şəhərin mərkəzi deyil, amma əsas yolun kənarında yerləşir. Reyddən sonra küçə boşaldılıb, hazırda çöldə piştaxtalar yoxdur. Mağaza isə adi qaydada işləyir.

Satıcı danışmaq istəmir

Satıcı ilə həmsöhbət olduğum zaman içəri girən müştərilərin hamısı bir ağızdan baş verən hadisədən xəbərdar olduqlarını deyirdilər. Onlar satıcının bu məsələdə haqlı olduğunu bildirdilər, məmuru qınayırdılar.  

Satıcı ilə həmsöhbət oluram, ad-soyadını deyir. Amma bir şərtlə ki, yazmayım. O, danışmaq, müsahibə vermək istəmir. Hətta fotosunu da çəkməyə razılaşmır, baxmayaraq ki, onun görüntüsü bütün ölkədə yayılıb. Dediklərindən məlum olur ki, mağaza başqa sahibkara məxsusdur, burada satıcı işləyir:

“Mən burada satıcıyam, nəsə danışmaq istəmirəm. Hadisəni hamı görüb”, - təxminən 30-35 yaşlı kişi deyir.

Onun sözlərinə görə, danışmaq istəməməsinin bir səbəbi də məmurun avtomobilə yüklətdiyi meyvələrin geri qaytarılmasıdır:

“Məsələ elə həmin gün həllini tapdı. Təxminən bir saat sonra meyvələrimizi geri qaytardılar. Elə həmin avtomobildə gətirib özümüzə verib getdilər. Şikayətimiz yoxdur”.

Əvvəllər də belə hal olub...

Ondan mağaza sahibinin telefonunu alıram, zəng edib, görüşmək, hadisə ilə bağlı müsahibə almaq istədiyimi deyirəm. Lakin o da danışmaqdan imtina edir. Dediklərindən məlum olur ki, obyekt başqasına məxsusdur, icarəyə götürüb.  

“Bu obyekt 5 ildir işləyir. Bundan əvvəl də 2-3 dəfə gəlib səkinin üzərinə mal yığmamaqla bağlı xəbərdarlıq ediblər. Biz də içəri yığmışıq. Amma heç vaxt malları yığıb aparmamışdılar. Bu dəfə götürüb apardılar və sonra qaytardılar. Reydi edən şəxsi tanımıram. Amma bilirəm ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşıdır”.

Məmurun kimliyi gizli saxlanılır

Satıcıyla kobud davranan və mallarını müsadirə edib aparan məmurun kimliyini, onun məsələyə dair mövqeyini  öyrənmək üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayırıq. Amma onun adını demirlər. Yalnız onu bildirirlər ki, reyd tədbirləri zamanı satıcılara məxsus məhsullar müsadirə edilməyib, yalnız onların satışının müvafiq qaydalara uyğun şəkildə davam etdirilməsi təmin olunub.

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
169
3
yenisabah.az

4Источники