RU

Nazim Eynallı: 20 Yanvar – Azərbaycan xalqına qarşı törədilmiş insanlıq cinayəti » AzadMedia.az


Nazim Eynallı
19 saylı Xüsusi Təyinatlı Yol İstismari MMC-nin rəhbəri


20 Yanvar 1990-cı il Azərbaycan xalqının azadlıq mübarizəsinin qanla yazılmış səhifəsidir. Bu faciə təsadüfi hadisə deyil, əvvəlcədən planlaşdırılmış və məqsədli şəkildə həyata keçirilmiş dövlət terroru idi. 1987-ci ildən başlayaraq azərbaycanlıların Ermənistan ərazisindən kütləvi deportasiyası, Dağlıq Qarabağda separatçı meyllərin açıq şəkildə dəstəklənməsi və bölgədə süni gərginliyin artırılması 20 Yanvar faciəsinə aparan yolun əsas mərhələləri oldu.
Artan xalq etirazlarının qarşısını sülh yolu ilə almaq əvəzinə, SSRİ rəhbərliyi Azərbaycan xalqına qarşı ağır hərbi güc tətbiq etdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin qoşun hissələri Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridildi. Dinc əhali ağır texnikadan və müxtəlif növ silahlardan atəşə tutuldu. Qadın, uşaq, qoca demədən onlarla insan qətlə yetirildi, yüzlərlə vətəndaş yaralandı.
“Bakı əməliyyatı” adlandırılan bu qanlı müdaxiləyə SSRİ-nin yüksək rütbəli rəhbər şəxsləri – Dmitri Yazov, Vadim Bakatin və Filip Babkov birbaşa rəhbərlik edirdilər. Fövqəladə vəziyyət elan edilməmişdən əvvəl şəhərə qoşun yeridilməsi, əhalinin xəbərdar edilməməsi və silahsız insanlara atəş açılması bu hadisənin beynəlxalq hüquqa zidd olduğunu bir daha sübut edir.
20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsini sındıra bilmədi. Əksinə, bu qanlı gecə xalqın azadlıq əzmini daha da gücləndirdi və milli müstəqillik yolunda dönüş nöqtəsinə çevrildi.
20 Yanvar hadisələri Azərbaycan xalqının təkcə fiziki deyil, siyasi iradəsini də sınağa çəkən bir faciə idi. Qan tökülməsindən sonra xalq həqiqəti bilmək, günahkarların adının açıq şəkildə çəkilməsini və hadisəyə siyasi-hüquqi qiymət verilməsini tələb edirdi. Lakin həmin dövrdə hakimiyyətdə olan qüvvələr bu tarixi məsuliyyəti üzərlərinə götürmədilər.
Faciədən bir gün sonra – 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyevin Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək verdiyi bəyanat 20 Yanvar həqiqətlərinin dünyaya çatdırılmasında dönüş nöqtəsi oldu. Heydər Əliyev açıq şəkildə bəyan etdi ki, Bakıda törədilənlər hüquqa, demokratiyaya və humanizm prinsiplərinə ziddir və bu hadisə Azərbaycan xalqına qarşı edilmiş ağır siyasi cinayətdir.
Ulu Öndər SSRİ rəhbərliyinin Bakıya böyük hərbi kontingent yeritməsini əsassız və qeyri-qanuni adlandıraraq, Azərbaycan rəhbərliyinin də bu məsələdə məsuliyyət daşıdığını vurğuladı. Onun bu mövqeyi Kremlin informasiya blokadasına baxmayaraq, bütün dünyada geniş rezonans doğurdu və Azərbaycan xalqının qəlbində ümid çırağını yenidən yandırdı.
Məhz Heydər Əliyevin siyasi iradəsi sayəsində 20 Yanvar faciəsinə sonradan rəsmi siyasi-hüquqi qiymət verildi. Bu faciə xalqımızın yaddaşında həm ümummilli hüzn günü, həm də azadlıq uğrunda şəhidlik zirvəsi kimi həkk olundu.
20 Yanvar Azərbaycan tarixində təkcə matəm günü deyil, eyni zamanda milli ləyaqətin, müqavimətin və müstəqillik iradəsinin simvoludur.

Избранный
76
1
azadmedia.az

2Источники