RU

Kadırovların yaşadığı olayların pərdəarxası – Kremlin planı üzə çıxdı

Son günlər Kadırovlar ailəsi ətrafında dolaşan xəbərlər Çeçenistanda siyasi vəziyyətlə bağlı müzakirələri artırıb. Ata Kadırovun səhhətinin pisləşməsi, ardınca oğul Kadırovun avtoqəza keçirməsi barədə yayılan məlumatlar Moskva-Qroznı münasibətlərində gərginlik ehtimallarını gündəmə gətirib. Bu hadisələrin təsadüf olub-olmadığı və Kremlin Kadırovlara münasibətdə yeni mərhələnin başlayıb-başlamadığı müzakirə olunur.

Moskva Kadırovları sıradan çıxarır? Onlar ətrafında yayılan xəbərlər təsadüfdürmü və bunlar bir-birinə bağlı prosesdirmi?

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Kadırovlar ətrafında baş verən proseslər təsadüfi xarakter daşımır:

“Müşahidələr göstərir ki, müəyyən bir siyasi mərhələ artıq başa çatmaq üzrədir. Ata Kadırovdan, hətta daha əvvəlki nəsillərdən başlayan və İkinci Çeçenistan müharibəsindən sonra formalaşan siyasi dövr tədricən sona yaxınlaşır. Bu prosesdə Ukrayna-Rusiya müharibəsinin də dolayı təsirləri mövcuddur. Burada iki əsas amil ön plana çıxır. Birincisi, gözlənildiyi kimi nəticələnməyən “xüsusi hərbi əməliyyatlar”dır. Müharibədən sonra Rusiya daxilində məsul şəxslərin müəyyənləşdirilməsi və ictimai rəyin yönləndirilməsi məqsədilə günahkar axtarışlarının aparılması qaçılmaz görünür. İkincisi isə Rusiyada qanunvericiliyin ciddi şəkildə sərtləşdirilməsi və federativ subyektlərin faktiki müstəqilliklərinin məhdudlaşdırılmasına yönəlmiş addımlardır. Görünən odur ki, postmünaqişə dövründə mərkəzdənqaçma meyilləri və separatizmə qarşı sərt tədbirlər əsas tendensiyaya çevriləcək”.

Kadırovların

Əziz Əlibəyli

Ekspert bildirib ki, Ramzan Kadırovun səhhəti ilə bağlı məsələnin gündəmə gətirilməsi və bunun açıq informasiya müstəvisində geniş müzakirə olunması da diqqət çəkir:

“Bu məlumatların gizli saxlanılması mümkün olduğu halda, onların mediaya çıxarılması ictimai rəy vasitəsilə Ramzan Kadırovun etibarsızlaşdırılması prosesinin başlandığını göstərir. Sonrakı mərhələdə oğlu Adam Kadırovun qəzaya düşməsi ətrafında yaranan informasiya panikası və media kampaniyası da bu yanaşmanı gücləndirir. Hüquqi baxımdan 18 yaşlı Kadırovun Çeçenistana rəhbərlik etməsi mümkün deyil. Eyni zamanda Ramzan Kadırovun səhhətinin ağır olduğu iddiaları fonunda onun rəhbərliyinin də faktiki olaraq müvəqqəti xarakter daşıdığı qənaəti formalaşır. Bu isə Rusiya siyasi elitasının Kadırov klanını mərhələli şəkildə kənarlaşdırması ehtimalını artırır.

Görünən odur ki, Moskva artıq Kadırovla əvvəlki formatda işləməkdə maraqlı deyil və ona verilmiş geniş səlahiyyətlərin saxlanmasını məqsədəuyğun hesab etmir. Yeni bir Kadırov fiquruna ehtiyacın olmadığı şəraitdə, sadalanan amillər fonunda bu proseslərin məqsədli şəkildə başladıldığı qənaətinə gəlmək mümkündür”.

Qeyd edək ki, yanvarın 16-da Teleqram kanalları Adam Kadırovun Qroznıda avtomobil qəzasına düşdüyü barədə məlumat yaymışdı. İddialara görə, o, xəstəxanaya yerləşdirilib və daha sonra Moskvaya aparılıb.

Избранный
77
1
editor.az

2Источники