RU

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb  

Prezident İlham Əliyevin Azərbaycanda vəkil sayının artırılması, hüquqi yardımın əlçatanlığının genişləndirilməsi və vəkillik institutunun davamlı inkişafına dair verdiyi tövsiyələrə uyğun olaraq Vəkillər Kollegiyası (VK) üzvlüyə qəbul prosesini ardıcıl, sistemli və məqsədyönlü şəkildə həyata keçirir. Həmin proses çərçivəsində ixtisas imtahanlarının tam şəffaflıq, obyektivlik və bərabərlik prinsipləri əsasında təşkili təmin olunur.

Kollegiyanın mətbuat xidmətindən verilən məlumata görə, yazılı və şifahi imtahan mərhələlərini uğurla başa vuran vəkilliyə namizədlər üçün yanvarın 19-dan etibarən Ədliyyə Akademiyasında icbari təlimlərə başlanılıb. Təlim proqramı gələcək vəkillərin peşə hazırlığının artırılmasına, praktiki bilik və bacarıqlarının möhkəmləndirilməsinə, eyni zamanda, vəkil fəaliyyətinə dair etik və hüquqi tələblərin dərindən mənimsədilməsinə xidmət edir.

Yeni təlim mərhələsinin açılışında çıxış edən VK Rəyasət Heyətinin sədri Anar Bağırov qeyd edib ki, təlim proqramı yalnız nəzəri biliklərin artırılmasına deyil, eyni zamanda, peşə hazırlığının təkmilləşdirilməsinə, praktiki bacarıqların gücləndirilməsinə və beynəlxalq təcrübənin öyrənilməsinə yönəlib. Təlimlərin məzmunu müasir hüquqi çağırışlara uyğun şəkildə formalaşdırılıb və gələcək vəkillərin ədalət mühakiməsində rolunun daha da gücləndirilməsini hədəfləyir.

Sədr bildirib ki, test mərhələsi kollegiya və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə, geniş müşahidəçilik imkanları şəraitində - yerli və beynəlxalq müşahidəçilərin, dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə tam şəffaf və obyektiv şəkildə keçirilib. Şifahi mərhələdə obyektivliyin təmin olunması məqsədilə videoyazı sistemi tətbiq edilib və bütün namizədlərə eyniməzmunlu suallar təqdim olunmaqla prosesin dürüstlüyü qorunub. Həmçinin sədr təlimlərin tematik istiqamətlərinə toxunaraq bildirib ki, insan haqlarının müdafiəsi, vəkil etikası və digər aktual sahələr üzrə məşğələlər nüfuzlu ekspertlərin iştirakı ilə həyata keçirilir.

Vəkilliyə namizədlərdən 18-i qadın, 46-sı isə kişidir. Namizədlərin 50 nəfəri, yəni 78 faizi 40 yaşadək şəxslərdən ibarətdir ki, bu da vəkillik institutunun daha da gəncləşdiyini göstərir. Təlim iştirakçılarının 86 faizi paytaxtdan, 14 faizi isə regionlardan müraciət edib.

Kollegiyanın sədri “Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik” mövzusunda məruzə edib.

Избранный
16
1
azerbaijan-news.az

3Источники