RU

Tramp və Şaraa arasında telefon danışığı olub

BAKI, 20 yanvar. TELEQRAF

Suriya prezidenti Əhməd əş-Şaraa ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Tərəflər terrorla mübarizədə, xüsusilə “İslam Dövləti” terror qruplaşmasına qarşı əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

Teleqraf xəbər verir ki, bu barədə Suriya prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, telefon danışığı zamanı Suriyadakı son hadisələr müzakirə olunub, ölkənin ərazi bütövlüyünə və terrorizmlə mübarizəyə dəstək bir daha təsdiqlənib. Kanselyariyanın məlumatına görə, tərəflər “İslam Dövləti” terror qruplaşmasına qarşı birgə fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.

Eyni zamanda, Əhməd əş-Şaraa və Donald Tramp Suriya dövləti çərçivəsində kürd xalqının hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, yanvarın 18-də Əhməd əş-Şaraa kürd silahlı birləşmələri ilə yeni atəşkəs razılaşmasını təsdiqləyib. Sənədə əsasən, Suriyanın şimal-şərqində yerləşən Deyr əz-Zor və Rakka vilayətləri respublikanın müvəqqəti hökumətinin tam nəzarətinə keçəcək.

Razılaşmaya görə, Həsəkə vilayətində kürdlər tərəfindən yaradılmış bütün mülki qurumlar Suriya dövlət strukturlarına inteqrasiya olunacaq. Suriya ordusu isə bölgədəki bütün sərhəd-keçid məntəqələrinin, həmçinin neft və qaz yataqlarının təhlükəsizliyini təmin edəcək.

Избранный
71
teleqraf.com

1Источники