Milli azadlıq uğrunda mübarizə yolunda baş verən tarixi hadisələr yaradıcı insanların hər zaman müraciət etdiyi mövzulardandır. "Kitabi-Dədə Qorqud"dan, Koroğludan, Nizamidən, Füzulidən, Qətran Təbrizidən üzü bəri nəsrdə, poeziyada, hətta musiqi və rəssamlıqda buna dair onlarca nümunə göstərmək mümkündür.
Tarixdə baş verən ictimai-siyası hadisələri və digər fəlakətləri xalq necə yaşayıbsa, yaradıcı insanlar həmin hadisələri bədii ifadə vasitələri ilə gələcək nəsillərə olduğu kimi çatdırmağa çalışıblar. Bu mənada ötən əsrdə, yəni 36 il öncə - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının əli ilə Azərbaycan xalqının müstəqillik arzusunu boğmaq məqsədilə törədilən qətliam xalqımızın qan yaddaşından heç vaxt silinməyən və qələm sahiblərimizin hər zaman müraciət etdiyi mövzulardandır.
Qürur və ürək ağrısı ilə qeyd etdiyimiz 20 Yanvar faciəsi - Bakının qan gölünə çevrilməsi Azərbaycan ədəbiyyatında istər nəsrdə, istərsə də poeziyada zaman keçdikcə daha qabarıq görünür. O müdhiş şənbə gecəsində dinc əhalinin, günahsız insanların qanlarına qəltan edilməsinə fərman verənlər nifrətlə xatırlanır, yaşından və cinsindən asılı olmayaraq şəhidlik zirvəsinə yüksələn azad ruhlu insanlar ehtiramla anılır. Bu Qanlı Yanvar gecəsinə 36 illik zaman məsafəsindən baxanda o günlərin müdhişliyi, vahiməliyi ilə yanaşı, insanların yenilməzliyinin, azadlıq səsinin imperiya cəlladları tərəfindən batırıla bilməyəcəyinin şahidi olursan. Xalqımız öz azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizə meydanlarında mətinlik və əyilməzlik göstərib, tanklar, zirehli texnika və müasir silahlarla təchiz edilmiş əksəriyyəti ermənilərdən ibarət sovet qoşunları ilə əliyalın mübarizəyə çıxmaqla bu yolda şəhid olmaqdan belə çəkinməyib. Paytaxtın ən uca yerində yerləşən Şəhidlər xiyabanının ziyarət məkanına çevrilməsi də məhz inamdan irəli gəlir.
O müdhiş şənbə gecəsinin reallıqları Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Qabilin, Nəbi Xəzrinin, Anarın, Çingiz Abdullayevin, Fikrət Qocanın, Cabir Novruzun, Xəlil Rza Ulutürkün, Mədinə Gülgünün, Mirvarid Dilbazinin, Məmməd Aslanın, Tofiq Mütəllibovun, Şahmar Əkbərzadənin, Nüsrət Kəsəmənlinin, Musa Ələkbərlinin, Musa Urudun, Kəmalə Abıyevanın, Rafiq Səməndərin (adı unudulanlar bizi bağışlasın) və digər vətənpərvər söz və qələm adamlarının elegiyalarında, etiraz ruhlu şeirlərində və püblisistik əsərlərində boy verib boylanmış, dağı-daşı yandırmışdır. Yazıçı-dramaturq Tamara Vəliyevanın Yanvar hadisələrindən bəhs edən "Mənim ağ göyərçinim" tamaşası 1999-cu ildən müxtəlif dövlət teatrlarında səhnələşdirilmişdir.
Hər kəsə məlumdur ki, bu faciə baş verdikdən sonra şairlərimiz, yazıçılarımız qələmə sarılaraq xalqımızın fəryadını dünyaya car çəkmişlər. Şəhidlər xiyabanını al-qırmızıya bələyən qərənfillər Məmməd Aslanın qələmində ağlamış, qərənfil yağışlı, matəm baxışlı misralar anaların ağısına, fəryadına qarışmışdır.
Bu fəryada o gecədən şəhidlərimizin anası obrazına çevrilən Xalq yazıçısı Əzizə Cəfərzadənin dilindən qopan ağı-bayatılar ürəkləri sızlatmışdır... "Sən məni dəryaz kimi biç, nə qədər bacarırsan biç, amma mənim şəhidlərimin qanı torpağa toxum kimi düşüb. Hər yerdən boy verib cücərəcək". Qabilin "Mərsiyə"si, Məmməd Aslanın "Ağla, qərənfil, ağla" şeiri, Bəxtiyar Vahabzadənin "Şəhidlər" poeması, Nəriman Həsənzadənin "Şəhidlər xiyabanı" şeiri, Rafiq Səməndərin "Şəhidlər" kitabı və digər bu kimi əsərlər oxucuların stolüstü kıtablarına çevrilmişdir. Zəlimxan Yaqub, Nəbi Xəzri, Cabir Novruz, Xəlil Rza Ulutürk, Məmməd Araz, Sabir Rüstəmxanlı, Fikrət Qoca, Musa Yaqub, Hidayət, Sabir Əhmədli, Arif Abdullazadə, İsi Məlikzadə, Musa Ələkbərli kimi ədiblərimiz, ümumiyyətlə, bölgələrdən belə əli qələm tutan yazarlarımız davamlı olaraq 20 Yanvar faciəsindən yazmışlar. Yazmışlar ki, gələcək nəsillərimiz heç bir vaxt bu faciəni unutmasınlar.
Yaxın illər işıq üzü görən bir çox bədii və araşdırma kitabında da 20 Yanvar faciəsinin mahiyyətindən genişliyi ilə bəhs olunur. Azərbaycan Milli Kitabxanasından verilən məlumata görə, son illər Azərbaycan və rus dillərində Qanlı Yanvar hadisələri ilə bağlı onlarca nəşr kitabxanaya təqdim edilib. Yazıçı Aqil Abbasın "Dolu" romanı, şair Şamxal Rüstəmin "Şəmkir şəhidləri", jurnalist Vahid Məhərrəmovun "Qanlı gecə, qanlı tarix", Niftalı Şıxların "Dünyamızın 20 Yanvar faciəsi", Məzahir Süleymanzadənin "20 Yanvar: güllələnmiş qəzet", Mədinə Qasımovanın "Ağla, qərənfil, ağla" və "İ mertvıe pobejdayut" ("Ölülər də qalib gəlir"), Təhməz Şəmkirlinin (Əliyev) "1990-cı il Qanlı Yanvar izləri" və faciədən bəhs edən digər müəlliflərin əsərləri kitabxananın fondunda yer alıb. Filologiya elmləri doktoru Almaz Binnətova isə şəhid Ülvi Bünyadzadənin əsərlərinə ön söz və şərhlər yazaraq nəşr etdirib. Bu hadisədən bəhs edən adını qeyd etdiyimiz və qeyd edə bilmədiyimiz əsərlərin ideya qayəsinin kökündə həm də o dayanır ki, 20 Yanvar hadisələrinin təfərrüatlarını hər bir azərbaycanlı bilməlidir və unutmamalıdır.
Bədii ədəbiyyatda tarixiləşən bu qəbildən olan əsərlərin ekrana gətirilməsi Azərbaycan kino xadimlərinin də daha çox müraciət etdiyi mövzulardan olmuşdur. Kinoşünas Aydın Kazımzadənin dediyi kimi, hadisələrin baş verdiyi həmin gecə operatorlarımız bu qətliamın ən ağrılı anlarını ekranın yaddaşına köçürmüşlər. Müxtəlif illərdə lentə alınan "Azadlığa gedən yollar", "Qəsd", "Matəm", "Şəhidlərdən şəhidlərə", "Bakıda insan ovu", "Şəhidlər və qazilər", "Şəhidlik zirvəsi", "Cənubda Şimal küləyi" və digər sənədli film nümunələri 20 Yanvar faciəsinin ağrılarını yaşadan sənədli kino əsərləridir.
Bu əsərlərlə tanışlıqdan o da məlum olur ki, Azərbaycan dövləti və xalqı öz şəhidlərini heç vaxtı unutmur. 20 Yanvar hadisələri nəticəsində şəhid olmuş ailələrin sosial vəziyyəti daim dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin dediyi kimi, "Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur".
Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə "20 Yanvar Şəhidi" fəxri adı təsis edilib. Ulu Öndərin sərəncamı ilə 1998-ci il avqustun 5-də Bakı şəhərindəki Şəhidlər xiyabanında "Əbədi məşəl" abidə kompleksi ucaldılıb. 2010-cu ildə Bakının Yasamal rayonundakı "20 Yanvar" dairəsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi inşa olunub. Kompleksin üzərində faciə zamanı həlak olmuş 147 nəfərin adı və soyadı həkk edilib. Ölkəmizdə həmçinin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşıb.
Yazarlarımızın əbədi mövzusu olan 20 Yanvar faciəsi heç vaxt unudulmur, heç vaxt yaddan çıxmır. Hər il olduğu kimi, bu gün də qədirbilən xalqımız 20 Yanvar facəsi qurbanlarının uyuduğu müqəddəs məkana gedir, Azərbaycanı bugünkü kimi azad, müstəqil və suveren görmək arzusu ilə canlarını fəda etmiş şəhidlərimizi ehtiramla ziyarət edir, ruhlarına dualar oxuyur, məzarları üzərinə gül-çiçək dəstələri qoyurlar.
Rəhman SALMANLI,
"Azərbaycan"