Bakı, 20 yanvar, AZƏRTAC
Bu həftə Davosda keçirilən Dünya İqtisadi Forumunda qlobal liderlər bir araya gələrkən, BMT agentlikləri xəbərdarlıq edib ki, artan aclıq və köçkünlük təkcə humanitar fövqəladə hallar deyil, həm də qlobal iqtisadi sabitliyə təhdiddir.
AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) bildirdiyinə görə, hazırda dünyada təxminən 318 milyon insan aclıq böhranı və ya daha pis səviyyədə yaşayır, yüz minlərlə insan isə artıq aclığa oxşar vəziyyətlərlə üzləşir. O, dərin maliyyə çatışmazlığının təşkilatı artan ehtiyaclar dövründə ərzaqları və yardımı azaltmağa məcbur etdiyi barədə xəbərdarlıq edib.
Hazırkı proqnozlar ÜƏP-in maliyyələşdirilməsini 2026-cı il üçün tələb olunan 13 milyard dollarlıq büdcəsinin yarısından bir qədər az həcmində göstərir və bu da agentliyin təxminən 110 milyon insana - ehtiyacı olanların üçdəbirinə çatmasına imkan verir.
“Aclıq köçkünlüyə, münaqişəyə, qeyri-sabitliyə səbəb olur və bunlar təkcə həyatları təhdid etmir, həm də biznesin asılı olduğu bazarları pozur”, -deyə ÜƏP-in tərəfdaşlıq və innovasiya üzrə icraçı direktoru Rania Daqaş-Kamara bildirib. Onun sözlərinə görə, dünya 318 milyon ac insanın həyatı üzərində sabit bazarlar qura bilməz.
Davos Forumunda iştirak edən ÜƏT nümayəndəsi özəl sektorun qida təhlükəsizliyi probleminin həllində birbaşa iştirak etdiyini bildirib və şirkətləri kövrək bazarları sabitləşdirməyə, işçi qüvvəsini qorumağa kömək edə biləcək təchizat zəncirlərinə, texnologiyaya və innovasiyaya investisiya qoymağa çağırıb.
ÜƏP Davosda biznes liderlərini aclığı və qida təhlükəsizliyini əsas prioritetləri arasında saxlamağa, kövrək bazarları gücləndirən təchizat zənciri sistemlərinə investisiya qoymağa, səmərəliliyi və dayanıqlığı artıran qida ilə əlaqəli texnologiyalara dəstək olmağa çağırıb.
BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) da İsveçrədə keçirilən illik forumda öz mövqeyini bildirib. Təşkilat siyasət və biznes liderlərini miqrasiyanı yük deyil, artımın hərəkətverici qüvvəsi kimi yenidən düşünməyə çağırıb.
BMqT-nin baş direktoru Emi Poup bildirib: “Miqrasiya məsuliyyətlə idarə edildikdə, inkişafın ən güclü hərəkətverici qüvvələrindən biridir. Mobillik iqtisadi potensialı aça, icmaların müstəqil şəkildə inkişaf etməsinə köməklik göstərə, milli suverenliyə və insan hüquqlarına hörmət etməklə yanaşı, köçkünlük problemlərinə davamlı həllər təqdim edə bilər”.
Təşkilat bildirib ki, özəl şirkətlər və fondlarla tərəfdaşlıq artıq bu yanaşmanın reallaşmasına kömək edir. Buraya süni intellekt vasitəsilə səhiyyə müayinəsi və əmək bazarı siyasətini təkmilləşdirmək, peşə təlimi, sahibkarlıq və köçkünlər üçün davamlı həlləri dəstəkləyən proqramlar daxildir. BMqT, həmçinin diaspor icmalarının investor və innovator kimi rolunu vurğulayır. “BMQT biznesin yaradılmasını və rəqəmsal maliyyə çıxışını dəstəkləmək üçün pul köçürmələrindən və diaspor kapitalından istifadə etməklə yeni bazarlar açmağı və iş yerləri yaratmağı hədəfləyir, eyni zamanda, icmaların daha özünəinamlı olmasına kömək edir”, -deyə bəyanatda qeyd olunub.
Forumda iştirak edən digər yüksəksəviyyəli BMT rəsmiləri arasında Baş Assambleyanın sədri Annalena Berbok, ÜST-nin rəhbəri Tedros Adhanom Gebreyesus, BMT-nin Qaçqınlar üzrə Ali komissarı Barham Salih və Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Mariano Qrossi də var.