RU

“Xəbər gəldi ki, Bakı ilə əlaqə yoxdur…”

“1990-cı il, 19-20 Yanvar tarixləri ilin ən dəhşət saçıcı gecəsi idi. Faciənin əsas təşkilatçısı SSRİ Prezidenti Mixail Qorbaçov tərəfindən göstəriş verilmişdi ki, Bakıda ayağa qalxan vətəndaşlar sakitləşdirilsin. Bu? dırnaqarası sakitləşdirmə idi”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq polkovnik-leytenant Əli Qədirov deyib.

 

Onun sözlərinə görə, bununla əlaqədar olaraq ölkəyə dəniz və quru olmaqla 4 istiqamətdən qoşun yeridilmişdi: “Daha sonra təyyarə ilə Bakıya gəlib çatdılar. Qoşunun əsasını rus-erməni birləşməsi təşkil edirdi. Göstəriş verilmişdi ki, istənilən hərəkətlər edilə bilər. Onların gözündə hamı terrorçu idi. Xalqın hamısı ayağa qalxıb birlik nümayiş edirdilər. O vaxt İranla sərhəd rusların nəzarətində idi. Qorbaçovun göstərişi ilə hərbi fövqaladə vəziyyət elan olundu. Bu o demək idi ki, bütün səlahiyyət ancaq hərbiçilərə verilmişdi. O zaman komendant təyin olundu. O da bütün döyüş məsələlərini, taktikasını həll edirdi. İlk olaraq Bakının şəhər-rayonlarla əlaqəsini kəsmək, Bakıdakı olayları gizlətmək, camaatın şəhərə axınının qarşısını almaq üçün parlamentin yanındakı Teleqüllənin şəbəkə avadanlıqlarını partlatdılar. Ölkə üzrə teleradio verilişlərinin tam qapadılması ictimai məkanda xaosa, qarışıqlığa, çoxsaylı şaiyələrə və gərgin narahatlıqlara səbəb olmuşdu. Rus–erməni qarışıq diviziyaları (hər diviziyanın şəxsi heyəti təxminən 1000–1500 nəfər idi) Şimali Qafqazdan Qusar–Bakı yolu ilə, çoxsaylı tank və zirehli BTR texnikalarından ibarət, uzunluğu kilometrlərlə ölçülən hərbi kolonla Bakı istiqamətinə doğru hərəkət edirdilər. Həmkarlarımın dediyinə görə, həmin kalon Sumqayıtı keçəndən sonra yol kənarında texnikalara yol verən, içində 3 nəfər yaşlı kişi, qadın olan "Qaz-24" maşının dayandığını görəndə tankın mexaniki qəsdən texnikası ilə həmin maşının üstündən keçərək sərnişinləri qanına qəltan etdilər. Sonradan məlum oldu ki, onlar Sumqayıt universitetinin müəllimləri imiş, Bakıdan ora dərsə gedirlərmiş.  O qanlı dövrdə mən DTK-nın Kəlbəcər rayon şöbəsində rəhbər vəzifədə idim. Kəlbəcərdə hər kəs teleradio verilişlərin işləməməsi, Bakı ilə telefon əlaqələrinin kəsilməsi səbəbindən çox narahat idilər. İnsanlar yaxınları, əzizlərindən xəbər ala bilmirdilər. Bu gərgin anlarda Gəncə, Goranboy, Yevlax şəhərlərindəki şöbələrimizlə əlaqə zamanı o qanlı gecənin həqiqətləri, soyqırım haqda məlumatlar əldə olundu. Unutmayın ki, o illərdə ölkədə indiki kimi mobil telefon şəbəkəsi qurulmamış, avadanlıqlar gətirilməmişdi. Xəbər gəldi ki, Bakı ilə əlaqə yoxdur. Hamı eşidib, amma dərinliyi kimsə bilmirdi. Moskva Komissiyası Bakıda baş verən qətliamdan sonra mitinqin əsas rəhbərlərindən biri sayılan mərhum Xəlil Rza Ulutürkü və digər siyasi simaları təyyarə ilə Moskvaya, DTK-nin Lefortovo həbsxanasına aparmış, onlara qarşı çoxsaylı işgəncələr tətbiq etmişdi. Teleqüllədəki partlayışı törədən isə SSRİ KQB-nin “Alfa qrupu” idi. SSRİ-nin bütün güc strukturlarının rəhbərləri Bakıda idi. Azərbaycan xalqı qorxmadan, birlik olaraq, silahsız vəziyyətdə belə ağır texnikaların qarşısında durdular. Əlisilahsız vətəndaşlar atəşə tutuldu. 19 Yanvar gecəsindən 20 Yanvar səhərinədək silahlar susmadı. Zirehli texnikalar hamını əzə-əzə keçirdi. Burada məqsəd xalqın müqavimətini qırmaq idi. Uşaq-qocaya baxmadan güllələyirdilər. Təcili yardım maşınlarına belə silahla atəş açırdılar”.

 

Ə.Qədirov bildirib ki, SSRİ-nin Prezidenti Mixail Qorbaçov isə daha sonra yalandan bu hadisədən xəbərsiz olduğunu iddia etmişdi: “O, bu qanlı qırğına bəraət qazandırmaq üçün bildirmişdi ki, hadisələrin bu şəkildə baş verməsinin əsas günahı Dağlıq Qarabağ məsələsi ətrafında o illərdə yenidən kəskinləşən erməni-azərbaycanlı qarşıdurması olub. Özünün bu qanlı hadisələrdən yaxasını kənara çəkməyə can atan Qorbaçov sovet qoşunlarının Bakıya hərbi müdaxiləsini “fövqəladə şəraitin” məcbur etdiyi barədə yazmışdı. Halbuki Bakı hadisəsinə qədər onlar “təcrübəni” Estoniya, Gürcüstanda  törətmiş, daha sonra sıra Bakıya gəlmişdi”.

 

Şəhanə Quliyeva

Tarix: 20 Yanvar 2026, 12:14   
Избранный
22
pravda.az

1Источники