RU

Cavan ölsəm, ellər məni ağlasa... Ülvi Bünyadzadənin şeirləri

ain.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Kulis.az şair, publisist, 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin şeirlərini təqdim edir.

VƏTƏN ÜÇÜN ÖLMƏLİYİK

(sinif yoldaşlarıma)

Biz öz ömür sazımızda

“Dilqəmi”ni bilməliyik.

Leylimizin ürəyini

Məcnun kimi sevməliyik.

Bisütunu biz də yaraq,

Çənsiz Çənlibellər quraq.

Sazımızda ağlayaraq,

Biz həyatda gülməliyik.

Döyüşlərdə yoğrulmuşuq,

Gələcəyə qaranquşuq.

Həyat üçün doğulmuşuq,

Vətən üçün ölməliyik!

MƏN QORXMURAM UZAQ YOLA ÇIXMAQDAN

Mən qorxmuram uzaq yola çıxmaqdan,

Bu yolun,

şaxtasından, soyuğundan mən qorxmuram.

Mən qorxmuram uzaq yola çıxmaqdan,

Bu yolun,

acısından, ağrısından,

«Ölüm» adlı yuxusundan mən qorxmuram.

Yollar saysız,

Yollar sonsuz,

Yollar ötür,

Dünənimdən,

bu günümdən, sabahımdan

ötür keçir.

Mən qorxmuram uzaq yola çıxmaqdan,

Çünki,

dünyadakı bütün yollar,

Anamın təndir evinin qabağından

ötür keçir.

1989

***

Sən

mənim adıma

rast gəlməyibsən.

Adsız uyuyuram bu qərib yerdə.

Sənə deməyəcəyəm

heç adımı da.

Məni diri bilib,

Gözləyir anam.

Demə!

Qoy gözləsin,

dözməz bu dərdə.

Görürəm

qəbrimin içi yaş olur.

Deyəsən, ağlayır anam xəlvətcə.

Girmir heç olmasa yuxuma –

deyəm, ağlama, ay ana,

mən çox yaxşıyam.

Səndən narahatam,

Niyə hər gecə çıxıb

qaranlıqda yola baxırsan?!

Niyə vaxtsız yatıb,

vaxtsız qalxırsan?!

***

Qardaş da yoxdur ki, ona tapşırım.

Bəlkə ... sən olasan ...

Mənim qardaşım.

İndi ki,

Razısan,

Onda get bizə

Ovut anamızı, sən mənim başım.

QOCALMAZ, SEVGİ QOCALMAZ

Sevgi dolu, kədər dolu,

Aylar, illər ötür keçir.

Özümüz də heç bilmədən,

Ömrümüzdən ömür keçir.

Cavanlaşır balacalar,

Qocalansa cavanlardı.

Bu dünyada qocalmayan,

Eşq yolunda yananlardı.

Qocalmaz, sevgi qocalmaz,

Ürək, ümid qocalmasa.

Qocalmaz, sevgi qocalmaz,

Onu qocaldan olmasa.

HEYİF Kİ...

Ürəyim sevməyir, sevməyir səni,

Günahı gözümdə görürəm yalnız.

Hər dəfə qarşıma çıxanda, məni

İzinsiz özümdən alırsan, ay qız.

Ürəyim deməyir gözüm deyəni,

Baxma ki, eşqini gözündən alıb.

Bəlkə də sevərdim, ay gözəl, səni,

Heyf ki, ürəyim erkən ovlanıb...

***

Ürəyim dərdlidir, halım pərişan,

Dayanmır gözümün yaşı bu axşam.

Pəncərəm önündə titrəyən ay şam,

De, məni anırmı heç o vəfasız?

Yol çəkir gözlərim, kimi gözləyir,

Yolları qaranlıq gecə gizləyir,

Bu dərdə, sitəmə ürək dözməyir,

O yoxdur, o gedib, qalmışam yalqız...

De, məni anırmı heç o vəfasız?

İndi özgəsinin sığal yeridir,

Mənim oxşadığım o qulac saçlar...

İndi özgəsinin öpüş yeridir,

Sevdiyim o gözlər, o çatma qaşlar.

Pəncərəm önündə titrəyən ay şam,

Keçmiş günahlar tək, keçmiş səhvlər tək,

De, məni anırmı heç o vəfasız?

Yadına salırmı heç o vəfasız?..

Yox, yox, yox, aldatma mənim sevgimi ,

Daha xatırlamaz bir də o məni...

O məni sevmədi, sevsin özgəni,

Bilim ki, sevdiyim sevmək bacarır.

16. 04. 1987-ci il

*** Qolum sınsa, gözüm çıxsa yolunda,

Həkim olsan, bağlamazsan, eləmi?

Cavan ölsəm, ellər məni ağlasa,

Sən yas tutub ağlamazsan, eləmi?..

İyul, 1986-cı il

Müğənni Dəniz Əsədova azadlığa buraxıldı

“20 Yanvar – milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirildi

Məşhur müğənni Qrenlandiyanın müstəqilliyini dəstəklədi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
1
kulis.az

2Источники