RU

Şəkidə 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd edilib

Şəki, 20 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Bəşər tarixində insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri olan 20 Yanvar faciəsinin 36-cı ildönümü respublikamızın hər yerində olduğu kimi, Şəki rayonunda da Vətənimizin azadlığı və müstəqilliyi uğrunda mübarizə, eyni zamanda, xalqımızın qəhrəmanlıq salnaməsi, milli qürur günü kimi qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faciənin ildönümü ilə əlaqədar yanvarın 20-də Şəki Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri və əməkdaşları, əmək kollektivlərinin və ictimaiyyətin nümayəndələri Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş igid Vətən oğullarının məzarları üzərinə qırmızı qərənfillər düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Toplantıda qeyd olunub ki, 20 Yanvar günü Azərbaycan tarixinin faciəli, kədərli səhifəsi olduğu kimi, eyni zamanda, qəhrəmanlıq, rəşadət səhifəsidir. Bu faciə müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.

Vurğulanıb ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş bütün şəhidlərin ruhları bu gün şaddır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoyub, torpaqlarımızı erməni işğalından azad edib. 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olunub.

Saat 12:00-da rayonun bütün ərazisində qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Избранный
112
azertag.az

1Источники