20 Yanvar faciəsi qurbanlarının xatirəsi ölkəmizin hər yerində olduğu kimi, Kəlbəcərdə də yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, saat 12:00-da şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, avtomobillərdən siqnal səsi verilib.
Həmçinin 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı Kəlbəcər rayonunun Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbdə tədbir keçirilib. Çıxış edənlər 1990-cı il Yanvarın 20-də törədilmiş faciədən, sovet qoşunlarının Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin mübarizliyindən danışıblar.
Tədbirdə məktəblilər 20 Yanvara həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.