ain.az, Demokrat.az portalına istinadən məlumat verir.
“Mən Böyük Vətən Müharibəsinin iştirakçısıyam. Çox dəhşətlər, qanlı səhnələr görmüşəm. Müharibələrə, yatırılmış üsyanlara dair çoxlu kitablar oxumuşam. Lakin heç yerdə, heç vaxt bu cür qanlı, vəhşi hərəkətə rast gəlməmişəm. Dinc əhaliyə öz qoşunlarının belə əzazil, vəhşi hücumu heç vaxt olmamışdır. Bütün bu işlərə görə “qanlı perestroykanın” başçısı Qorbaçov, onun əlaltıları cəllad Yazov və Primakov, sapı özümüzdən olan balta, fərari Vəzirov tarix qarşısında, xalq qarşısında, məhkəmə qarşısında cavab verəcəklər”.Bu sözlər Xalq yazıçısı İsmayıl Şıxlının 1990-cı il yanvarın 24-də Azərbaycan KP MK-nın plenumunda tarixi çıxışındandır. Həmin çıxış bu gün də öz aktuallığını itirməyib. İsmayıl Şıxlının sözləri Azərbaycanın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəsində hələ də mənalıdır. Tarixi ədalət qarşısında məsuliyyət məsələsi zaman keçdikcə daha da aktuallaşır.Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bununla bağlı Demokrat.az-a açıqlamasında deyib ki, həmin günü, o qanlı-qadalı gecədən sonra, ertəsi gün çıxışdan əvvəl yazıçılar Yazıçılar İttifaqı binasına toplaşdılar:“O zaman məşhur bir aksiya var idi. Partiya biletlərinin yandırılması və partiyadan çıxmaq məsələsi. Birinci o aksiyanın başında gedənlərdən biri İsmayıl Şıxlı idi. Həm də onun bir cümləsi yadımdadır. Həmin gün atam evdən çıxanda çox gərgin vəziyyət idi. Anam ona söylədi ki, “getmə, birdən sənə bir şey olar, vurarlar, öldürərlər”. O isə qayıtdı ki:
“Müharibəni keçdim, dörd il cəbhədə oldum. Əgər orada ölmədimsə, indi ölsəm də heç nə dəyişməz”. Bunu deyib çıxdı. Atam o zamanlar Azərbaycan KP MK-nın plenumuna namizədlərdən biri idi, amma artıq partiya biletini atmışdı - bütün bunlara baxmayaraq, o iclasda o çıxışı etmək naminə ora getdi. Orada Primakov da əyləşmişdi. Atamın sözünü kəsmək istəyəndə atam onun üstünə qışqırıb dedi ki: "Özünü burada rus canişini kimi aparma! Sən də mənim kimi bir partiya üzvüsən, çığırıb-bağırma, mənim sözümü də kəsmə!". Və həmin çıxışını davam etdirdi”.Elçin Şıxlı bildirib ki, o zamanlar birbaşa həmin adları çəkmək və söyləmək hər adamın nə imkanı, nə də cəsarəti idi:“Küçədə təbii ki, hamı bilirdi, hamı etiraz edirdi, amma bunu tribunadan Primakovun üzünə söyləmək hər adamın işi deyildi. Atam o zaman Milli Məclisin üzvü idi. Yanvarın 24-dən əvvəl Azərbaycan Milli Məclisinin Bakının bu şəkildə hücuma məruz qalması və komendant saatı elan olunmasının əleyhinə bəyanat imzalanmışdı. Elmira Qafarovanın çıxışı zamanı gecə ilə bir iclas olmuşdu. İclası Bəxtiyar Vahabzadə ilə atam aparmışdılar. Əsasən atam aparmışdı. Təəssüf ki, bütün bunların çoxunun heç bir video çəkilişi və ya arxivi ortalıqda yoxdur. İsmayıl Şıxlı Azərbaycanın müstəqil olması, Rusiyanın ayağı altında əzilməməsi üçün əlindən gələni edən insanlardan biri idi. Təbii ki, əgər daha cavan və xəstə olmasaydı, daha fəal iştirak edərdi. Amma sağlamlığı nə qədər imkan verirdisə, o qədər də çalışırdı”.Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.