RU

Ermənistan Prezidenti: İlham Əliyevə minnətdaram, görülən işləri təqdir edirik

BAKI, 21 yanvar. TELEQRAF

Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyan hər iki ölkə rəhbərliyinin sülh naminə qəti siyasi iradə nümayiş etdirdiyini vurğulayıb.

Teleqraf xəbər verir ki, Vaaqn Xaçaturyan bu barədə yanvarın 20-də Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasından çıxışında bildirib.

Vaaqn Xaçaturyan qeyd edib ki, tərəflər uzun illərdən sonra ilk dəfə olaraq sülhü təkcə bəyanatlarla deyil, əməli addımlarla sübut etməyə başlayıblar:

“Cənab Prezident İlham Əliyevin söylədiyi kimi, biz siyasi qətiyyəti sülh üçün nümayiş etdirdik ki, artıq bundan sonra əməli tədbirlər sülhü sübut etsin, təsdiq etsin. Biz 30 ildir bunu görməmişdik. Amma indi isə biz sülh və əmin-amanlıq şəraitində yaşayırıq. Bu isə həqiqətən də inanılmaz hadisədir”.

Artıq Azərbaycandan Ermənistana Gürcüstan ərazisi ilə malların nəql edildiyini xatırladan V.Xaçaturyan bu yüklərin birbaşa olaraq iki ölkənin ərazisindən keçəcəyinə əminliyini bildirib.

Ermənistan Prezidenti deyib: "Cənab İlham Əliyevə də minnətdaram, görülən işləri təqdir edirik. Bu gün və yaxud dünən idi səhv etmirəmsə, Prezident Əliyev qeyd etdi ki, biz sülh və əmin-amanlıq şəraitində yaşamağı öyrənməliyik. İnandırım ki, bizim üçün adi vəziyyət deyil, çünki bu sənədlər imzalanmamışdan əvvəl buna öyrəşməmişdik. Hər gün oyanırdıq ki, sərhəddə görəsən nələr baş verib, atışmalar davam edirmi? Bu, bizim üçün hər zaman stres idi. İndi isə mən sizi bir daha əmin etmək istəyirəm ki, biz bu keçmişimizi unudub, gərək artıq konkret layihələr həyata keçirək. Biz uğur qazanacağıq, inanırıq. Bizim sazişlərimiz çox konkret prinsiplərə əsaslanıb. Bəli, ölkə olaraq biz bir-birimizin ərazi bütövlüyünə, suverenliyinə, yurisdiksiyalarına hörmət edirik, bunlar rəhbər prinsiplərdir. Bəli, sərhədlərimiz bir gün açılacaq və sadəcə, bir neçə il bundan əvvəl siyasi iradə bu səviyyədə deyildi. Eləcə də sıravi işgüzar səfərlər olacaq. Sıravi vətəndaşlarımız sərhədləri rahat keçərək münasibətlər quracaqlar. Biz bu fürsətlərdən faydalanacağıq və bu əməkdaşlıq nəticəsində Cənubi Qafqaz bütün dünya üçün çox əlverişli regiona çevriləcək".

“Azərbaycan Prezidenti cənab Əliyevə təşəkkür edirəm və bizim Baş nazirimizə də təşəkkürümü bildirməliyəm. Hər iki rəhbərə nümayiş etdirdikləri siyasi iradəyə görə minnətdaram”, - deyən V.Xaçaturyan diqqətə çatdırıb ki, burada bir məqsəd var, o da sülhdür. Sülh də olacaqdır. “Üzr istəyirəm, bir daha təkrar edirəm ki, məsələ hakimiyyətdə qalmaq deyil, sülhə nail olmaqdır. Çünki illər boyu müəyyən siyasi səbəblər ucbatından sülh prosesi yubanırdı, ancaq danışıqlar davam edirdi və ortalıqda heç bir nəticə yox idi. Elə oldu ki, artıq iki ölkənin rəhbərləri ümumi prinsiplər üzərində razılığa gəldilər”, - deyə o əlavə edib.

Избранный
41
teleqraf.com

1Источники