RU

Elnarə Akimova Prezidentin “reaksiya vermirik” xəttini şərh etdi

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyev “Euronews” telekanalına müsahibəsində Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsindən danışıb.

O qeyd edib ki, bu cür qətnamələrə əvvəllər reaksiya verilirdi:

“Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik”.

İlham Əliyev vurğulayıb ki, Azərbaycanı Ermənistana qarşı “təcavüzkar mövqedə” olmaqda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır:

“Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Mən ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər”.

Maraqlıdır, Prezident İlham Əliyevin “artıq reaksiya vermirik” mövqeyi diplomatik strategiya kimi nə ifadə edir?

Bu bəyanat Azərbaycanın Avropa institutları ilə münasibətlərində yeni mərhələnin göstəricisidirmi?

Milli Məclisin deputatı Elnarə Akimova bu barədə Gununsesi.info suallarını cavablandırıb.

O bildirib ki, Prezident İlham Əliyevin Avropa Parlamentinin Azərbaycanla bağlı qətnamələrinə artıq reaksiya verilməməsi ilə bağlı mövqeyi təsadüfi və ya emosional qərar deyil, uzunmüddətli müşahidə və təcrübəyə əsaslanan praqmatik diplomatik yanaşmanın ifadəsidir.

“Dövlətlərarası münasibətlərdə hər reaksiyanın qarşı tərəfi legitimləşdirdiyi və onu dialoqun real tərəfinə çevirdiyi nəzərə alındıqda, Azərbaycanın bu quruma cavab verməkdən imtina etməsi əslində siyasi mesajın daha yüksək səviyyədə verilməsi deməkdir. Bu mövqe ilə Bakı açıq şəkildə bildirir ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamələr nə hüquqi, nə də siyasi baxımdan Azərbaycan üçün məcburedici və müəyyənedici xarakter daşıyır. İlham Əliyevin vurğuladığı əsas məqamlardan biri Avropa institutları arasında fərqli yanaşmanın tətbiq edilməsidir. Azərbaycan Avropa ilə münasibətləri tamamilə dayandırmır, əksinə, real icra səlahiyyətinə malik olan Avropa Komissiyası ilə əməkdaşlığı davam etdirir və bunu kifayətli hesab edir. Bu isə onu göstərir ki, Bakı ideoloji və lobbi təsiri altında olan platformalarla deyil, konkret nəticə yarada bilən, qarşılıqlı maraqlara söykənən institutlarla işləməyə üstünlük verir. Belə selektiv yanaşma klassik diplomatiyada güclü tərəfin davranış modelidir və öz mövqeyinə əmin olmayan dövlətlərin seçimi sayılmır”,- deyə o bildirib.

Akimova, həmçinin deyib:

“Avropa Parlamentinin Azərbaycanı Ermənistana qarşı “təcavüzkar mövqedə” ittiham etməsi fonunda Prezidentin Ağ Evdə Azərbaycan–Ermənistan sülh müqaviləsinin paraflanmasını xatırlatması isə ritorik cavabdan daha çox faktlara söykənən siyasi arqumentdir. Bu yanaşma göstərir ki, Azərbaycan emosional polemikaya girmədən, beynəlxalq reallıqları və əldə olunmuş nəticələri ön plana çıxararaq mövqeyini müdafiə edir. Beləliklə, Bakı siyasi etiketlər və ittihamlar üzərindən aparılan diskussiyanı mənasız hesab etdiyini dolayısı ilə ifadə edir “Artıq reaksiya vermirik” bəyanatı eyni zamanda Azərbaycanın regional və beynəlxalq mövqeyindəki dəyişikliklərin göstəricisidir. Enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və post-münaqişə reallıqları baxımından strateji aktora çevrilmiş Azərbaycan üçün Avropa Parlamentinin tənqidi qətnamələri real təsir aləti olmaqdan çıxıb. Bu baxımdan, reaksiya verməmək zəiflik deyil, əksinə, siyasi gündəmi özü müəyyən edən dövlətin davranışıdır. Nəticə etibarilə, Prezident İlham Əliyevin mövqeyi Azərbaycanın Avropa institutları ilə münasibətlərində tam qopmanı deyil, yeni mərhələyə keçidi ifadə edir. Bu mərhələdə əməkdaşlıq yalnız qarşılıqlı hörmətə, real maraqlara və praktiki nəticələrə əsaslanır. Azərbaycan artıq özünü daim cavab verən tərəf kimi deyil, kiminlə və hansı formatda işləyəcəyini seçən suveren aktor kimi təqdim edir. Bu yanaşma ölkənin müasir diplomatik xəttinin əsas xüsusiyyətlərindən biri kimi formalaşır”.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
170
icma.az

1Источники