RU

Qrenlandiya qalmaqalı Ukraynanın müharibədən sonrakı bərpası ilə bağlı razılaşmanı pozdu – FT

Ukraynanın müharibədən sonrakı inkişafı ilə bağlı dəyəri 800 milyard dollar olan razılaşmanın imzalanması təxirə salınıb.

Financial Times nəşrinin altı rəsmiyə istinadla yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarət əldə etmək niyyəti və onun irəli sürdüyü “Sülh Şurası” təşəbbüsünə Avropa ölkələrinin sərt müqaviməti Ukrayna ilə ABŞ arasında planlaşdırılan razılaşmanın imzalanmasına mane olub.

Məlumata əsasən, Ukrayna, ABŞ və Avropanın iştirakı ilə Davosda keçirilməsi nəzərdə tutulan Dünya İqtisadi Forumunda Ukraynanın müharibədən sonrakı iqtisadi bərpasını əhatə edən 800 milyard dollarlıq inkişaf planının bu həftə elan edilməsi planlaşdırılırdı. Lakin bu plan hazırda təxirə salınıb.

“Hazırda heç nə imzalanmayıb”, – deyə mənbələrdən biri bildirib. Digər rəsmi isə qeyd edib ki, Avropa paytaxtları Trampın Qrenlandiya ilə bağlı addımlarını görməzdən gələrək, eyni zamanda Ukrayna kimi digər həssas məsələlərdə onunla irəliləyiş əldə etməyə çalışa bilməz.

Üçüncü mənbənin sözlərinə görə, hazırda heç kim Tramp ilə razılaşma ətrafında təntənəli bir təqdimat keçirmək əhval-ruhiyyəsində deyil. O əlavə edib ki, Qrenlandiya və “Sülh Şurası” ətrafında yaranan mübahisələr Davosdakı toplantıda Ukraynaya yönəlməli olan diqqəti kölgədə qoyub.

Bildirilir ki, Qrenlandiya ilə bağlı yaranan gərginlik ABŞ və Avropa paytaxtları arasında milli təhlükəsizlik məsələləri üzrə aparılan danışıqlara da mənfi təsir göstərib. Müzakirələrin gedişindən xəbərdar olan üç mənbənin sözlərinə görə, ABŞ bazar ertəsi axşam keçirilən danışıqlara öz nümayəndəsini göndərməyib.

“Ab-hava dəyişib”, – deyə Aİ-dən olan yüksəkvəzifəli diplomat bildirib. Onun sözlərinə görə, Qrenlandiya böhranı fonunda Tramp müəyyən həddi aşıb və artıq hər şeyin əvvəlki kimi davam etdiyini iddia etmək mümkün deyil.

Eyni zamanda Financial Times mənbələri qeyd edir ki, “rifah planı” tamamilə gündəmdən çıxarılmayıb. Altı rəsminin bildirdiyinə görə, bu sənəd gələcəkdə yenidən gündəmə gətirilə və daha sonrakı mərhələdə imzalana bilər.

Избранный
69
veteninfo.az

1Источники