Ötən gün Bakının bəzi ərazilərinə yağan qar yolların buz bağlamasına səbəb olub. Bu avtomobillərin hərəkətində ciddi çətinliklər yaranması ilə nəticələnib.
Yollar buz bağladıqda sürücülər nələrə diqqət etməlidirlər?
Redaktor.az-a danışan avtomobil ustası Sahil Ağabəyli vurğuladı ki, buz təbəqələri Bakının bir çox ərazilərində əmələ gəlib.
Onun sözlərinə görə, sürücülər asfalt örtüyünün tam olduğunu düşünürlər, amma asfalt örtüyündə nəmişlik, yaşolma hiss olunursa, orada buz təbəqəsi olacaq:
"Çünki asfalt örtüyündə nəm təbəqə buza çevrilir, bu mütləqdir. Həmin vaxt sürəti həddindən artıq azaltmaq və sükan arxasında diqqətli olmaq lazımdır. Əsasən sağa və yaxud da sola döngələrdə sürəti həddindən artıq azaldıb, hətta 0-a, 5-ə, 10-a endirib dönmək lazımdır. Çünki buz təbəqələrində dönmə zamanı avtomobilin yoldan kənara çıxmasına və təhlükələrə səbəb ola bilər. Bunlara diqqət edilməlidir. Rayonlara üz tutanlar şinlərə, təkərlərə fikir versinlər. Təkərlərə fikir versinlər ki, buzlu olan bölgələrə səyahət zamanı yolda qalmalar ola bilər. Öz avtomobillərindən istifadə etməyə də bilərlər. Mütləq deyil öz avtomobilləri ilə getsinlər və özləri sürsünlər, taksidən də istifadə edə bilərlər. Diqqətli olmaq lazımdır, çünki söhbət yarana biləcək qəzalardan gedir. Əsasən xanım sürücülər qarlı, buzlu yollarda bir az diqqətsizlik edirlər. Buzda, qarda necə sürəcəklərini tam dəqiq bilmədiklərinə görə bacardıqca öz avtomobillərindən istifadə etməsinlər".

Usta qarlı havada avtobusların fəaliyyətindən də danışdı:
"Avtobusların da bir neçəsinə diqqət etmişəm, heç avtobusların özlərində belə qar təkərləri yoxdur. Onların özləri də diqqət etməlidirlər. Döngələr zamanı avtobusun yana, sağa və yaxud da sola çırpılma halları ola bilər. Baxmayaraq ki, ictimai nəqliyyatda insanın çox olduğuna və çəki ağır olduğuna görə qarlı, buzlu havada hərəkət eləmək daha rahatdır. Qar təkərləri olmadıqda qəzalar qaçılmazdır. Asfalt örtüyünün qar və yaxud da buz olması halında mütləq ara məsafəsini əvvəlki vaxtlardan çox fərqli seçmək şərti ilə hərəkətə davam edə bilərlər. Bacardıqca ara məsafəsi bir az artıq götürülməlidir. Buzlama zamanı əyləcləmədən həddindən artıq az istifadə eləmək lazımdır. Burada artıq bir an düşünüb özünə düzgün yol seçmək lazımdır. Sükanı sağa-sola çox burmamaq, qaçırtmamaq lazımdır. Bacardıqca buz örtüyü varsa, avtomobil həmin buz örtüyünə girdisə, sükanı həddindən artıq bacardıqca düz saxlamaq lazımdır ki, buz örtüyünə girib düz də çıxmaq olsun. Sükanı sağa-sola etdinsə, mütləq ki, bu avtomobil yoldan çıxa və qarşıdakı avtomobilə və yaxud da ki, canlıya da toxuna bilər".
Aytəkin TOFİQQIZI