Yanvarın 21-də Xankəndi şəhərinə ilk köç prosesi baş tutub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Xankəndi şəhərindən olan keçmiş məcburi köçkünlərdən ibarət 36 ailə (162 nəfər) doğma yurduna qayıdıb. Onların 35 ildən sonra Xankəndiyə qayıdışı sevinclə qarşılandı. Əvvəlcə Dövlət Himni səsləndirilib. Şəhidlərimizin xatirəsi yad olunub.
Sakinlərə yeni mənzillərinin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Bu ərazilər qısa müddət ərzində yenidən dirçəldilir, müasir yaşayış məkanları, sosial infrastruktur obyektləri, yollar, məktəblər, səhiyyə və mədəniyyət müəssisələri bərpa və inşa olunur.
Vurğulanıb ki, “Böyük Qayıdış” dövlət proqramı çərçivəsində məcburi köçkünlərin mərhələli şəkildə doğma torpaqlarına qayıdışı təmin edilir və bu proses dövlətin daim diqqət mərkəzindədir. Əsas məqsəd insanların təhlükəsiz, rahat və layiqli yaşayış şəraiti ilə təmin olunması, eyni zamanda bölgədə dayanıqlı iqtisadi və sosial həyatın formalaşdırılmasıdır. Səbuhi Qəhrəmanov ailələri doğma yurdlarına qayıtmaları münasibətilə təbrik edib.
Sakinlərdən şəhid atası Kamran Nəsirov bu tarixi anlardan, torpağa qovuşmağın xoşbəxtliyindən danışıb.
Çıxış edən digər Xankəndi sakini Nadir Rəşidov da bu anı illərlə gözlədiyini, bu günləri yaşadan qəhrəman oğullarımız qarşısında baş əydiklərini deyib.
ANAMA mütəxəsisləri də sakinləri təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.
Qeyd edək ki, Xankəndi şəhərinə ilk köç bölgədə həyatın bərpası və dayanıqlı məskunlaşmanın təmin olunması istiqamətində mühüm mərhələ hesab olunur.
Xatırladaq ki, Xankəndi şəhəri və Kərkicahan qəsəbəsi 1991-ci ildə işğala məruz qalıb. 19–20 sentyabr 2023-cü ildə Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycan əsgəri şəhərə nəzarəti bərpa edib. 15 oktyabr 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını qaldırıb. 35 ildən sonra şəhərə həyat yenidən qayıdır, Xankəndidə bərpa və quruculuq işləri sürətlə davam etdirilir. Dövlət proqramı çərçivəsində ailələrin məskunlaşacağı mənzillər əsaslı şəkildə təmir edilib, bütün zəruri kommunal və sosial infrastrukturla təmin olunub. “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən köç prosesi bundan sonra da Xankəndi şəhərinə mərhələli şəkildə davam etdiriləcək.
***
13.30
İlk köç karvanı Xankəndi şəhərinə çatıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, ilk mərhələdə Xankəndi şəhərinə 36 ailə - 162 nəfər köçürülüb.
***
06.22
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
APA xəbər verir ki, ilk mərhələdə Xankəndi şəhərinə 36 ailə - 162 nəfər köçürülüb:
Bakı şəhərindən – 15 ailə (63 nəfər)
Ağcabədi rayonundan – 4 ailə (18 nəfər)
Bərdə rayonundan – 4 ailə (17 nəfər)
Abşeron rayonundan – 3 ailə (16 nəfər)
Goranboy rayonundan – 3 ailə (14 nəfər)
Ağdam rayonundan – 2 ailə (11 nəfər)
Sumqayıt şəhərindən – 2 ailə (7 nəfər)
Gəncə şəhərindən – 1 ailə (6 nəfər)
Şəmkir rayonundan – 1 ailə (5 nəfər)
Tərtər rayonundan – 1 ailə (5 nəfər)
Beləliklə, 21.01.2026-cı il tarixində həyata keçirilən köç də daxil olmaqla, indiyədək 1 şəhər və 10 rayonun 37 yaşayış məntəqəsində ümumilikdə 6 633 ailə (26 513 nəfər) məskunlaşdırılıb.