RU

Prezidentin elan etdiyi strateji hədəf: “Azərbaycanın nüfuzunu daha da möhkəmləndirəcək”

Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün Davosa səfəri çərçivəsində bir sıra nüfuzlu beynəlxalq təşkilatların, şirkətlərin rəhbərləri ilə görüşüb. 

Davosda keçirilən görüşlər bir daha göstərdi ki, bu forum həqiqətən də strateji əhəmiyyətli fikirlərin səsləndiyi tribunadır. Səfər çərçivəsində Prezident İlham Əliyev Davosda "Euronews" televiziyasına müsahibəsindən sonra bu telekanalın təşkil etdiyi "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə bir sıra məqamlara toxunub ki, onlardan biri də ölkəmizin iqtisadi inkişafı ilə bağlıdır. 

Dövlət başçısı bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi ölkəmiz üçün birinci prioritetdir: 

“Praktik baxımdan bu gün biz bərpaolunan enerji sahəsinə artan marağı görürük. Artıq iki iri bərpaolunan enerji elektrik stansiyasını istismara vermişik və növbəti 6 il ərzində Günəş və külək enerjisi üzrə istehsal gücümüzü əhəmiyyətli dərəcədə artıracağıq. 

Başqa sözlə, 2032-ci ilə qədər Günəş və külək enerjisi üzrə 8 giqavat güc əldə etməyi gözləyirik. Günəş və külək potensialımız çoxdur və biz böyük imkanlar görürük. Biz artıq bir neçə layihə üzrə müqavilələr bağlamışıq və hazırda enerji toplanması qurğuları barədə düşünürük. İlk yer artıq müəyyən edilib”. 

Ölkə başçısı qeyd edib ki, Azərbaycan ötürücü xətlərə investisiya qoyuluşunu gözləyir, çünki məqsəd yaşıl enerjinin ixracıdır: 

“Məlumat mərkəzlərinə gəldikdə isə hesab edirik ki, Azərbaycan sərmayədarlar üçün əsas mərkəzlərdən birinə çevrilə bilər. Birincisi, enerji ucuzdur. 

İkincisi, əlavə potensialımız var. Hətta bu gün istifadə etmədiyimiz və ötürmə imkanlarının məhdudluğu səbəbindən ixrac edə bilmədiyimiz 2 giqavat elektrik enerjimiz mövcuddur. Altı il ərzində bu göstərici 8 giqavata çatacaq və regionumuzda heç bir ölkə bu qədər əlavə gücə malik deyil. 

Əksər ölkələr idxaldan asılıdır. Bəziləri hətta enerji çatışmazlığı ilə üzləşir. Məhz buna görə də məlumat mərkəzləri üçün maksimum səmərəliliyin əldə oluna biləcəyi yer Azərbaycandır”. 

Ölkə başçısının iqtisadiyyatın şaxələndirilməsi və bərpaolunan enerji ilə bağlı elektrik stansiyalarının genişləndirilməsi, yaşıl enerjinin ixracı ilə bağlı səsləndirdiyi fikirlər mütəxəssislər tərəfindən də yüksək qiymətləndirilir. 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Eyyub Kərimli “Cebheinfo.az”-a bildirib ki, Davosda keçirilən iqtisadi forum bu gün qlobal iqtisadi və siyasi gündəmin formalaşdığı ən nüfuzlu platformalardan biridir: 

“Burada dövlət və hökumət başçıları, əsasən də böyük transmilli korporasiyaların rəhbərləri və nümayəndələri, beynəlxalq maliyyə institutları, investorlar və beyin mərkəzləri bir araya gəlirlər. 

Qlobal riskləri və yeni əməkdaşlıq imkanlarını müzakirə edirlər. Sözsüz ki, Davosda bir neçə istiqamət üzrə investisiya və kapital axınının formalaşması, qlobal iqtisadi gündəmin müəyyənləşdirilməsi və ölkə imiclərinin formalaşması müzakirələr və əməkdaşlıq mühüm amillərdir. 

Dövlət başçısının çıxışında vurğuladığı kimi Azərbaycan üçün əsas prioritet istiqamət neftdənkənar inkişaf modelinə keçidin bəyan edilməsidir. Digər tərəfdən, bərpaolunan enerjinin bizim iqtisadiyyatda iqtisadi lokomotiv, trend, aparıcı sahə kimi əhəmiyyətinin vurğulanmasıdır. Cənab Prezidentin çıxışı həm də onu göstərir ki, bu, iqtisadi reallıq, icra olunacaq strateji hədəfdir”. 

Ekspertin fikrincə, bu hədəfin bir neçə məqsədi var: 

“Enerji tələbatının yaşıl mənbələrdən ödənməsi, qazın ixrac üçün azad olunması və enerji gəlirlərinin optimallaşdırılması və karbon emissiyasının azalmasıdır. Digər tərəfdən, ölkəmizin yüksək texnologiyalara açıq olması, uzunmüddətli enerji təhlükəsizliyinin təmini, həmçinin regionda yaşıl enerji mərkəzinə çevrilməsidir. 

Cənab Prezidentin çıxışında əsas vurğulanan sahə enerji ixracatı ilə bağlı olub. Həqiqətən də resurs əsaslı iqtisadiyyatın qeyri-neft sekoruna, dayanıqlı inkişaf modelinə keçirilməsi mühüm amildir. Bu isə Azərbaycanın artıq regionda iqtisadi cəhətdən öz nüfuzunu daha da möhkəmləndirməsidir”. 

Избранный
29
cebheinfo.az

1Источники