Bakının ənənəvi qış problemlərindən biri də təbii qazın verilişində tez-tez məhdudiyyətlər yaranmasıdır.
Bakının qaz borularında sanki qış aylarında problem yaranır, sızma olur və yaxud nədənsə "Azəriqaz” qaz borularını qışda yeniləyir, əhalinin qaz təminatının yaxşılaşması üçün qış aylarında daha aktiv fəaliyyət göstərir.
Bütün bunların nəticəsində isə hər gün Bakının bu və ya digər qəsəbə və kəndlərinə, bəzən də bütövlükdə rayona qazın verilişində qısamüddətli də olsa, məhdudiyyətlər tətbiq edilir. Bu isə "Azəriqaz”ın qışa heç də hazır olmaması təəssüratını yaradır.
Qeyd edək ki, bu dəfə isə Qobustanın bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacağı barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Qobustan rayonunda qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 21.01.2026-cı il tarixdə saat 10:00-dan etibarən “Qobustan əhali” qaz xəttində qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Qobustan qəsəbəsi, P. Abbasov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Maraqlıdır, bu cür hallara görə abonentlərə kompensasiya ödənilə bilərmi?
Məsələ ilə bağlı “Azad İstehlakçılar” İctimai Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov “Cebheinfo.az”-a bildirib ki, qanunvericilikdə bu kimi hallarla bağlı hər hansı kompensasiya nəzərdə tutulmayıb:

“Sadəcə olaraq əhalidən üzr istəməklə canlarını qurtarırlar. Məsələ ondadır ki, aprelin 15-dən etibarən qış istilik mövsümü rəsmi olaraq başa çatır və yay mövsümünə keçid edilir. Noyabrın 15-dək bu da normal hal deyil.
Təəssüf doğuran məqam ondan ibarətdir ki, yay aylarında yatırlar, qış mövsümündə, havaların soyuq olduğu dövrdə qaz, işıq, su və kanalizasiya xətlərində təmir işləri yadlarına düşür. Bu da qeyri-normaldır. Bu,işin düzgün planlaşdırılmamasından və sistemli yanaşmanın olmamasından xəbər verir, belə olmaz.
Bu havada nə vacibdir ki, qazı dayandırıb təmir işləri görürlər. Bu işin düzgün qurulmamasıdır. Planlı təmir işləri, qaz kəmərlərinin yerinin dəyişdirilməsi, şəbəkəyə yeni obyektlərin qoşulması məhz yay aylarında həyata keçirilməlidir, qışda deyil”.
Onun sözlərinə görə, qazın verilişinin yalnız qəza hallarında dayandırılması normal sayıla bilər:
“Qəza hallarını çıxmaq şərtilə, digər səbəblərlə, xüsusilə planlı işlərə görə qazın kəsilməsi əhali üçün ciddi narahatlıq və haqlı narazılıq yaradır. Qanunvericilikdə bu hallara görə kompensasiya mexanizmi nəzərdə tutulmur. Belə hava şəraitində qazın kəsilməsi düzgün hesab oluna bilməz. Çünki bu əhali üçün ciddi diskomfort yaradır və yolverilməzdir”.