RU

“Uzun müddət özümə gələ bilmədim” - Türkiyədə yaşayan akrtisa ilə MÜSAHİBƏ

Məlahət Elman qızı Abbasova 1966-cı ildə Bakı şəhərində anadan olub. Hazırda Türkiyədə yaşayır. İstanbul bələdiyyəsinə bağlı olan Şəhər Teatrlarında rejissor və aktrisa kimi fəaliyyət göstərir. Eyni zamanda film və seriallarda da çəkilir.

Prezident İlham Əliyevin 2014-cü il dekabrın 18-də imzaladığı sərəncamla Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Əməkdar İncəsənət Xadimi” fəxri adı ilə təltif edilib.

Məlahət Abbasova “Yeni Sabah”ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

- Məlahət xanım, uzun müddətdir ki, Türkiyədə fəaliyyət göstərirsiniz. Maraqlıdır, Türkiyə tamaşaçısının sizi qəbul etməsi üçün hansı daxili baryerləri aşmalı oldunuz?

 - Mən Türkiyəyə gələndə türk dilini çox zəif bilirdim. Bu məsələdə indiki gənclərin bəxti gətirib. Televiziya, internet vasitəsilə hər şeyi öyrənə bilirlər. Eyni zamanda Türkiyəyə də tez-tez gəlib-getmək mümkündür. Ancaq 1991-ci ildə vəziyyət belə deyildi. Bura gəlib-getmək çox çətin idi.

Ailə qurduqdan sonra dünyanın ən böyük teatrlarından biri olan İstanbul Şəhər Teatrları ilə müqavilə bağlayaraq aktrisa kimi fəaliyyətə başladım. Bura da köklü teatrdır. Hazırda 13 binamız var. Əlbəttə, çətinliklər də oldu. Çünki mən Azərbaycanda gözəl bir yerdə idim. “Sən həmişə mənimləsən” tamaşası ilə bir gecədə məşhurlaşmışdım. Ardınca Akademik Milli Dram Teatrına təyinatım verildi. Orda da müxtəlif rollar ifa etdim. Ona görə də mənim üçün çox çətin oldu. Heç kəs məni tanımırdı. Nitqim də tam aydın olmadığı üçün hamı mənə qəribə baxırdı. “Bu qızı niyə teatra qəbul ediblər” kimi fikirlər dolaşırdı. Teatrın o zamankı bədii rəhbəri isə mənim işimi çox bəyənmişdi. Teatra qəbul olmazdan 1 ay əvvəl onların qruppası Akademik Milli Dram Teatrına gəlmişdilər və Xalq artisti Həsən Turabov onlara böyük ziyafət vermişdi. Orada tanış olmaq qismətimiz olmuşdu. Teatra qəbul olunduqdan sonra isə bütün ağırlıq mənim çiynimdə olduğu üçün özümü orada göstərməli idim. Davamlı işləyərək, öz üzərimdə çalışaraq bütün maneələri aşa bildim.

- Necə aşdınız? İşin gedişatını və dili öyrənməkdə kimlərsə sizə dəstək verdi?

- İlkin mərhələdə nitq təlimləri almağa başladım. Tamaşalarda kiçik rollar oynayaraq səhnəyə çıxdım. Burada həm də əsas məsələlərdən biri İstanbul ləhcəsi idi. Birinci onu öyrənməyə başladım. Bizim teatra dünyanın hər yerindən rejissorlar gəlirdi. Daha çox da Rusiyadan. Rus dilini bildiyim üçün rejissor köməkçisi olaraq onlarla işləməyə başladım. Məşqlərdə də davamlı olaraq iştirak edirdim. Mənə olan inamları isə işimi daha həvəslə görməyə təkan verirdi. İlk dəfə İstanbul Şəhər Teatrlarında “Gənclik Günləri Festivalı” üçün bir tamaşa hazırladım. O tamaşa da şəhər teatrlarının repertuarına əlavə olundu. İlk dəfə idi belə bir hal olurdu.  Çünki Gənclik Günlərində səhnələşdirilən tamaşalar şuranın qərarı olmadan teatr repertuarına daxil edilmir. Rəhbərlik tamaşanı çox bəyənmişdi. Tamaşamız “Seneye bu gün” adlanırdı. Mənim üçün çox böyük uğur idi. Azərbaycan əsərlərini də səhnələşdirirdim. O dövrdə dublyaj olduğu üçün çox da çətinlik çəkmirdim və seriallarda da rol alırdım. Elə oldu ki, türk dilində təmiz danışmağa başladım. Aktyorların hamısı məni çox sevirdi və tamaşa arası diksiyamın təkminləşməsi üçün çox dəstək olurdular.

- Televiziya serialları, filmlər və teatrda fəaliyyət göstəririsiniz. Çətin olmur? Bu üç işdən hansında özünüzü daha azad və rahat hiss edirsiniz?

- Teatrla serial arasında çox böyük fərq mövcuddur. Biri var kameraların önündə olmaq, bir də var yüzlərlə tamaşaçının qarşısında çıxış etmək. İkisinin də həyəcanı çox fərqlidir. Kamera qarşısında oynamaq da çətin prosesdir. Burada mümkün qədər minimalist olmaq lazımdır. Yenə də bütün rollarımı çox sevirəm. Düşünürəm ki, kamera qarşısında oynamaq aktyorların imkanlarını məhdudlaşdırır. Orada müəyyən çərçivə içərisində olursan və məcburən həmin çərçivədən çıxa bilmirsən. Bu da bir növ insanın azadlığını məhdudlaşdırır. Orada əsas vəzifən kameraya xidmət olur. Rolumuzu da ona görə oynayırıq. Teatr isə azad sənətdir. Tamaşaçı ilə bir arada olanda hər obrazın ötürdüyü hislər fərqli olur. Bir növ tamaşaçı sizin ovucunuzda olur. Mən iki tərəfi də sevirəm, lakin teatr səhnəsində daha rahatam.

- Oradan baxanda mənzərə necədir? Yəni hazırda Azərbaycan sənət cameəsində sizi ən çox nələr narahat edir?

- Məni narahat edən əsas məqam Akademik Milli Dram Teatrı rəhbərinin özbaşınalığıdır. Əsasən də teatrın bədii rəhbəri Mehriban Ələkbərzadənin aktyorlar, aktrisalar üzərindəki hegemonluğu məni ciddi narahat edir. Teatrın onurğa sütunu aktyor heyətidir. Nə teatrın direktoru, nə də bədii rəhbərləri deyil. Aktyor varsa, teatr yaşayır. Rejissor tamaşanı təqdim edib gedir. Bütün iş aktyor, aktrisaların üzərində qurulur.

Son illərdə Mehriban Ələkbərzadənin etdiyi kobudluqlar, səviyyəsiz danışıqlar, aktyoru aşağılaması məni çox narahat edir. Çünki ora mənim doğma teatrım olub. Nə qədər uzaqda olsam da, qəlbim hər zaman Azərbaycan teatrı üçün döyünüb. Bu cür hörmətsizliyi qəbul edə bilmirəm. Vaxtı ilə bu məsələyə kəskin şəkildə etirazımı da bildirmişəm. Teatr aktyorlarındır. Ora onların məbədidir. Rəhbərliyin aktyoru incitməyə ixtiyarı yoxdur. Bunu da Türkiyədə öyrənmişəm.

-Yəni deyirsiniz ki, özbaşınalıq tək bizim teatrlardadır?

- Burada teatra, aktyora münasibət çox fərqlidir. Son söz hər zaman aktyorundur, bədii rəhbərin yox. Heç kim aktyora qapıda 5 dəqiqə gözlə, rəhbərliyin yanına telefonla girmə kimi sözlər deyə bilməz. Bizim hegemonlar gəlib burada aktyorla davranışı öyrənsinlər. Mehriban Ələkbərzadənin işçilərlə münasibətini görəndə uzun müddət özümə gələ bilmədim.

- Məlahət xanım, reallaşdırmaq istədiyiniz, amma hələ vaxtı çatmayan bir layihəniz varmı?

- Əlbəttə. Səhnələşdirmək istədiyim çoxlu tamaşa var. Təbii ki, həm vaxt, həm də yaş buna imkan vermir. Artıq 60 yaşım olacaq. Çox istəyərdim ki, “Ofeliya”nı oynayım. Mən Mehdi Məmmədovun tələbəsi olmuşam. O vaxtlar mənə “Hamlet” tamaşasından “Ofelya” rolunu vermişdilər. Lakin oynaya bilmədim. Ona görə də ürəyimdə qalıb. Səhnəyə qoymaq istədiyim tamaşalar çoxdur. “Anna Karenina”nı, “Hamlet”i səhnələşdirmək istəyərəm. Fürsət olduqca çalışıram ki, Azərbaycan yazıçılarının əsərlərini səhnələşdirim. Teatrda fəaliyyət göstərən tək azərbaycanlı mənəm. Bir də Cahangir Novruzov var. O da professordur. Çukurova Universitetində gözəl tələbələr yetişdirir. Onlar da bizim teatrımızda çalışırlar.

- Türkiyənin serial sektorunda tez-tez qalmaqallar baş verir. Siz bunların şahidi olmusunuzmu?

- Serial sektorlarında qalmaqallar təbii ki, çox olur. Lakin çalışıram ki, bunlardan uzaq qalım. Çünki rol aldığım filmlərə İstanbul Şəhər Teatrlarının aktrisası kimi dəvət alıram və adımız bizim vizitkartımızdır. Bir növ dövlət adamı sayıldığımız üçün seriallarda oynayan heç bir teatr adamı qalmaqallara qarışmır. Teatrın qanunları buna icazə vermir. Hər kəslə də çox yaxşı yola gedən biriyəm. Rolumu oynayıb evimə gedirəm.

- Sizin təşəbbüsünüzlə Anar, Elçin, Rüstəm İbrahimbəyov, Bəxtiyar Vahabzadə və digər ədiblərin əsərləri səhnəyə qoyulub. Orada bizim ədəbiyyat nümunələri maraqla qarşılanırmı?

- Bəli, burada Azərbaycan əsərləri də səhnələşdirilir. 1991-ci ildə bura gələndə kitabxanadakı Azərbaycan əsərləri ilə maraqlandım. Məlum oldu ki, burada heç bir Azərbaycan əsəri yoxdur. Bu da milli ruhumu incitdi. Düşündüm ki, burada öz əsərlərimizi tanıtmalıyam. İlk olaraq Bəxtiyar Vahabzadənin “İkinci səs” əsəri ilə başladım. Ondan sonra Anarın “Təhminə və Zaur”unu, Rüstəm İbrahimbəyovun “Aslana bənzər”, Elçinin 3 əsərini və digər yazıçılarımızın əsərlərini burada səhnələşdirdim. Hər biri böyük maraqla qarşılandı. Bəxtiyar Vahabzadə məşqlərimizdə də iştirak edirdi. Rəcəb Tayyib Ərdoğan həmin dövrlərdə bələdiyyə başçısı idi. O da tort alaraq bizim “İkinci səs” tamaşamıza baxmağa gəlmişdi. Hər birimiz çox qürurlanmışdıq. Bəxtiyar müəllimi də çox sevirdi. Ondan sonra Elçinin “Şekspir” və “Qatil” əsərini səhnələşdirdik. “Şekspir” əsəri 11 mükafat aldı və buna görə ilin rejissoru seçildim. “Qatil” əsərini eyni zamanda qastrol səfərlərimizdə səhnələşdirdik. “İblis” əsəri də böyük maraqla qaşılandı. Bir sözlə, tamaşaçımız Azərbaycan əsərlərini sevir.

- Bəs əsərlərin tərcümə işini necə həll edirsiniz? Tərcümə prosesində siz də iştirak edirsinizmi?

- Bəli, bütün tərcümə proseslərində şəxsən iştirak edirəm. Bir çox əsərlərimizi də teatrşünasımız Hilmi Cəfər Şahinlə birlikdə tərcümə etmişik.

- Deyəsən, son zamanlar rejissorluğa daha çox vaxt ayırırsınız. Yoxsa rejissor olsanız da “səhnənin tozunu udmadan yaşaya bilmərəm” deyənlərdənsiniz?

- Son illərdə tamaşalarım böyük uğurlar qazandırdı deyə, rejissorluğa daha çox maraq göstərməyə başladım. Mənə dedilər ki, sən səhnəyə çıxma, tamaşalar hazırla. Lakin səhnəni çox sevirəm, çünki mən aktrisayam. Yəqin ki, yeni layihələrdə iştirak edəcəm. Son vaxtlar seriallara vaxt ayrıdığım üçün teatrla çox bağlı ola bilmirəm. Ancaq hazırda Azərbaycan əsərlərindən biri üzərində işləyirəm və mart ayında məşqlərinə başlayacam. Ümumilikdə səhnəni çox sevirəm.

- Serial aktrisası kimi tanınsanız da, teatr fəaliyyətiniz daha aktiv imiş…

- Bəli, təxminən 20-dən çox serialda oynamışam. Qəşəng rollarım olub. Burda da çoxluq məni serial aktrisası kimi tanıyır. Teatrla da son 5 ildir ki, bir az uzaqlaşmışdım. Bu il artıq seriallarım da bitdi. Yeni serial gələnə gələr teatra zaman ayırmağı düşünürəm. Son illər “Esaret”, “Yemin” və Türkiyə Cümhuriyyəti Kültür Bakanlığının dəstəyi ilə çəkilən “Altın buzağı” filmində baş rolda oynamışam. İndi isə teatra vaxt ayırmaq vaxtıdır.

- Müsahibələrinizdən birində “Mən Azərbaycanda olsaydım, bu qədər işi görə bilməzdim” demisiniz. Yenə də bu fikirdəsinizmi? Burada sizə nə, kim mane olar ki?

- Bəli, bu fikri səsləndirmişəm. Mən 6 il İstanbul Şəhər Teatrlarında  direktor müavini olmuşam. Lakin orada daha çox qalmağım uyğun deyildi. Elə olsa, tamaşalar səhnələşdirə bilməzdim. Burada özümü kəşf edə bildim. Bu imkanlar mənim Türkiyə teatrında əlimə keçdi. Burada hər şey azaddır. Yetər ki, istedadını göstərə biləsən. Rəhbərlik inanasın ki, bunu edə biləcəksən. Bakıda isə bunu edə bilməzdim. Heç ağlıma da gətirmirəm ki, bütün bunları orada qazanardım. Azərbaycanla bağlı olan Teatr günləri, Opera günləri, İncəsənət günləri, Sərgi günləri kimi tədbirlərin təçkilatçılığını edirəm. Hamısını rəhmətlik Tofiq İsmayılovla birlikdə edirdik. Düşünürəm ki, Bakıda bunların heç birini edə bilməyəcəkdim. Sevinirəm ki, Türkiyədə Azərbaycan üçün daha gözəl işlər görürəm.

- Bizim teatrlardan sizə təkliflər gəlirmi?

- Təklif hər zaman gəlib. Dövlət nümayəndələrimiz də hər dəfə gəlib gördüyüm işlərə baxıblar. Düşünürdüm ki, fərqli nələrsə yaradaram. Azərbaycan və Türkiyə teatrı arasında körpü qurmaq istəyirdim. Akademik Milli Dram Teatrının rəhbəri Azərpaşa Nemətov var idi. Həmin dövrdə onunla işləməyə başlamışdıq. İlk dəfə iki teatr arasında ortaq tamaşa olaraq “İblis”i səhnələşdirəcəkdik. Sonra o vəfat etdi və mən yenidən Mədəniyyət Nazirliyindən təklif aldım. Vizual effektlərdən istifadə etdiyim tamaşanı Akademik Milli Dram teatrında səhnələşdirməli idim. Lakin bədii rəhbər Mehriban Ələkbərzadə o zaman buna mane oldu. Dedi, nə qədər ki, mən burdayam, sən tamaşa səhnələşdirə bilməzsən. Yəni nazir tərəfindən dəvət alsam da, rəhbərlik buna mane oldu. Yenə də ora mənim doğma vətənimdir. Aldığım bütün təklifləri də təmənnasız şəkildə qəbul etmişəm. Heyif ki, orada iş görməyimi istəməyənlər çoxdur.

- Bütün bunlardan sonra sizdə Azərbaycan teatr sənətinə qarşı qırğınlıq yaranmadımı?

- Hamı bilir ki, mən Azərbaycan mədəniyyətini burada tanıtmaq üçün çox böyük işlərə imza atmışam. Direktor müavini olduğum 6 il ərzində də bir çox əsərlərimizi Bədii Şuradan keçirmişəm. Uzun illərdir ki, ədəbiyyat və incəsənətimizin təbliğatı ilə məşğul oluram. Orada da hamı məni çox gözəl qarşılayır. Burada haçansa tamaşa göstərim deyəndə buna icazə verilmir. Qürur duyurlar, amma qəbul etmirlər. Məni Türkiyədə göylərə qaldırdılar, Azərbaycanda yox. Nə qədər ki, Mehriban Ələkbərzadə kimi insanlar var, belə də olacaq. Heç bir istedadlı adam qabağa gedə bilməz. Mənə öz doğma teatrımda iş görməyə icazə vermədilər. Heç nə itirmədim ancaq. Teatr və Azərbaycan-Türkiyə münasibətləri isə çox şey itirdi. Bir gün böyük xəyalım olan o qardaşlıq körpüsünü quracam. Teatrın rəhbəri İlham Əsgərov da kini və nifrəti olmayan insandır və bütün təkliflərə açıqdır. Düşünürəm ki, mədəniyyətimiz və incəsənətimiz üçün uğurlu olacaq bu körpü qurulacaq.

Aydan Hacı


Telegram kanalımız
Избранный
18
yenisabah.az

1Источники