Özbəkistan ABŞ vətəndaşları üçün vizasız rejim tətbiq edib və Vaşinqtondan qarşılıqlı addım gözləyir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Özbəkistanın ABŞ-dakı səfiri Furqat Sidikov məlumat verib.
Diplomat bildirib ki, hazırda ABŞ-la özbəkistanlılar üçün vizaların sadələşdirilməsi məsələsi üzrə danışıqlar aparılır. Onun sözlərinə görə, ABŞ-a vizasız girişə nail olmaq uzunmüddətli prosesdir və bu məsələ birbaşa ABŞ hökumətinin daxili siyasətindən asılıdır. “ABŞ-la vizasız rejimin tətbiqi uzun prosesdir, lakin bu istiqamətdə danışıqlar gedir. Təbii ki, hansı vizа rejiminin və hansı şərtlərlə tətbiq ediləcəyi ABŞ hökumətinin daxili qərarlarından asılı olacaq”, – deyə səfir qeyd edib.
Furqat Sidikov əlavə edib ki, yanvar ayının sonundan etibarən ABŞ vətəndaşları üçün Özbəkistanda 30 gün müddətinə vizasız rejim qüvvəyə minəcək. Gözləntilərə görə, bu addım ölkəyə gələn amerikalı turistlərin sayını üç dəfə artıra bilər.
Səfir həmçinin bildirib ki, Özbəkistan hazırda vizasız rejimin tətbiqi ilə bağlı təkcə ABŞ-la deyil, Braziliya, Kanada və bir sıra digər ölkələrlə də mütəmadi danışıqlar aparır. Bu təşəbbüslər ölkənin turizm və beynəlxalq əlaqələrinin genişləndirilməsinə yönəlib.
Aliyə