Ankara, 21 yanvar, AZƏRTAC
Dünyanın aparıcı texniki universitetlərindən biri olan İstanbul Texniki Universiteti (İTÜ) ilə əməkdaşlıq Prezident İlham Əliyevin Qarabağ Universiteti üçün müəyyən etdiyi hədəflərə çatmağa töhfə verəcək.
Bu barədə Qarabağ Universitetinin rektoru Şahin Bayramov Ankarada onun rəhbərlik etdiyi universitet ilə İTÜ arasında elm və təhsil sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasından sonra AZƏRTAC-a verdiyi müsahibədə bildirib.
Sənəd rektorlar tərəfindən yanvarın 21-də Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvarın iştirakı ilə imzalanıb.
Şahin Bayramovun sözlərinə görə, İTÜ ilə əməkdaşlıq Qarabağ Universiteti üçün mühəndislik üzrə fənlərin inkişafı və təkmilləşdirilməsi kontekstində xüsusilə əhəmiyyətlidir.
“Faktiki olaraq, İTÜ Qarabağ Universitetinin rəhbərliyi ilə birlikdə universitetimizdə Mühəndislik fakültəsi yaradacaq. İstanbul Texniki Universiteti ilə əməkdaşlıq, digər məsələlərlə yanaşı, mühəndislik sahəsində elmi tədqiqatları, eləcə də laboratoriya işlərini inkişaf etdirəcək”, - deyə rektor bildirib. O, qardaş ölkənin aparıcı universitetlərindən biri ilə əməkdaşlığın Qarabağ Universitetinə çox yaxın gələcəkdə dünyasəviyyəli peşəkar mühəndislər hazırlamağa başlamağa imkan verəcəyinə ümid etdiyini bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara