RU

“Netflix” mobil tətbiqini yeniləyir  

Mobil video istehlakında “YouTube”, “TikTok” və “Instagram”ın lider mövqeyini qoruduğu bir dövrdə “Netflix” də istifadəçilərin gündəlik vərdişləri uğrunda rəqabətə qoşulur. Şirkət dördüncü rüb üzrə maliyyə nəticələrinin açıqlanması zamanı mobil tətbiqinin dizaynını yeniləyəcəyini və qısa formatlı video imkanlarını genişləndirəcəyini bəyan edib.

Yeni mobil tətbiqin 2026-cı ilin sonuna doğru istifadəyə verilməsi planlaşdırılır. “Netflix”in həmsədri Qreq Piters bu yenilənmənin şirkətin uzunmüddətli strategiyasının əsas hissəsi olduğunu bildirib. Onun sözlərinə görə, yeni dizayn şirkətə müxtəlif funksiyaları davamlı şəkildə sınaqdan keçirmək, innovativ həllər tətbiq etmək və istifadəçi təcrübəsini daha da təkmilləşdirmək imkanı yaradacaq.

Yenilənmiş tətbiqin əsas elementlərindən biri şaquli video lentləri olacaq. “TikTok” və “Instagram Reels” formatını xatırladan bu funksiya serial və filmlərdən qısa fraqmentləri sürüşdürülə bilən lent şəklində istifadəçilərə təqdim edəcək. “Netflix” bu formatı ilk dəfə 2025-ci ilin mayında test etməyə başlayıb.

Qreq Pitersin açıqlamasına əsasən, gələcək mərhələdə bu lentlərdə video podkastlardan seçilmiş hissələr də yer alacaq. Şirkət qısa videoları istifadəçilərin diqqətini cəlb edən və platformada aktivlik müddətini artıran mühüm alət kimi qiymətləndirir. Bu yanaşmanın davamı olaraq “Netflix” video podkast sahəsinə də fəal şəkildə daxil olur. Şirkət bu həftə ilk orijinal video podkast layihələrini təqdim edib. 

Şirkət rəhbərliyi vurğulayır ki, bu addımlar sosial şəbəkələri kopyalamaq məqsədi daşımır. “TechCrunch Disrupt 2025” tədbirində çıxış edən şirkətin texnologiya direktoru Elizabeth Stone qeyd edib ki, əsas hədəf “TikTok”a bənzəmək deyil, mobil istifadəçilər üçün məzmunun kəşf olunmasını daha effektiv və rahat etməkdir.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Избранный
40
azerbaijan-news.az

1Источники