RU

Seyran Səxavət çətir olayından danışdı: “Bəlkə qolu ağrıyır”

AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədovun AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə 20 Yanvar şəhidlərinin anım gününda çətir tutması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 

Hadisə ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb və xüsusilə yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edərkən çətiri özü tutmasının xatırladılması fonunda tənqidlər daha da artıb. 

Sosial şəbəkə istifadəçiləri dövlət başçısının bu davranışını nümunə kimi göstərərək baş verənləri etik müstəvidə müzakirəyə çıxarıblar. İddialara görə, yaranan ictimai narazılıqdan sonra Coşqun Məmmədov vəzifəsindən azad edilərək başqa işə keçirilib. Bildirilir ki, səbəb kimi onun bu davranışının akademik İsa Həbibbəylini ictimai qınaq hədəfinə çevirməsi göstərilib. 

“Cebheinfo.az”-a açıqlamasında tanınmış yazıçı Seyran Səxavət bildirib ki, bu cür hadisə ilə indiyədək qarşılaşmayıb.

O qeyd edib ki, ona görə də konkret mövqe sərgiləmək istəmir:

“Ömrümdə başıma belə bir şey gəlməyib, belə bir hadisə ilə qarşılaşmamışam. Ona görə də bu barədə fikir bildirmək istəmirəm. Çünki nəsə deyərəm, yanlış olaram. Mənə də bu yaşda yanlış yaraşmaz. Adamdır, yaşlıdır, bəlkə qolu ağrıyır, bilmirəm”. 

Seyran Səxavət mediaya da iradını bildirib:

“Bu məsələdə bir az da mediaya acığım tutur. Onların ayrı problemi yoxdur? Yəni doğrudanmı başqa problem yoxdur? Ölkədə o qədər problem var. Odu söndürüb külü ilə oynayırlar. Bakı da küləklər şəhəridir, kül ilə oynayanda isə göz tutulur, heç nə görmürsən”. 

Yazıçı hesab edir ki, hadisəyə insani prizmadan yanaşmaq lazımdır:

“Bəlkə də sadəcə kömək edib, nə olar, adamıq da. Bunda nə problem var ki? Balacalar həmişə böyüklərin qulluğunda durub. Burada böyük kiçik, yaş və hörmət məsələsi də ola bilər, yaxud başqa şey də ola bilər. Açığı, bu, mənim ömrümdə qarşılaşmadığım bir vəziyyətdir. 

Yəni nə evdə bişib, nə də qonşudan gəlib. Ona görə də dəqiq fikir söyləyə bilmirəm. Mənim nə İranda işlədiyim, nə Azərbaycanda yaşadığım, nə də London kimi yağışlar paytaxtı olan şəhərdə 20 gün qaldığım müddətdə heç vaxt çətirim olmayıb... İndi bildiniz nə demək istəyirəm...?” 

Избранный
38
cebheinfo.az

1Источники