RU

Solovyov və Duqinə TƏRS SİLLƏ: “Əvvəlcə Rusiyanı qorusunlar, bundan sonra…”

Rusiyalı politoloq Aleksandr Duqin və teleaparıcı Vladimir Solovyovun zaman-zaman Azərbaycana qarşı səsləndirdiyi sərt və mənfi fikirlər müzakirələrə səbəb olub. Onların Rusiyanın “sovet imperiyasını bərpa etmək” istəyi fonunda Azərbaycanı da hədəf kimi göstərməsi cəmiyyətdə narahatlıq doğurur.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, Putin administrasiyasının keçmiş sovet nostalgiyası hər kəsə bəllidir.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin dəfələrlə SSRİ-nin dağılmasını böyük fəlakət kimi qiymətləndirib:

“Siyasətdə bir tərəfdə arzu və istəklər var, digər yanda isə reallıqlar. Duqin və Solovyov sovet imperiyasını bərpa etmək istəyə bilər, hətta Kubanı, Venesuelanı da Rusiyaya qatmaqdan danışarlar. Amma əsas sual belədir: bu nə qədər realdır?”

Tural Abbaslı qeyd edib ki, Rusiyanın Azərbaycanla bağlı istər birbaşa birləşdirmək, istərsə də yenidən siyasi təsir altına qaytarmaq baxımından müəyyən istəkləri ola bilər. Lakin bu istəklərin həyata keçirilməsi mümkün deyil:

“Qarabağ məsələsindən sonra Azərbaycan Rusiyanın bütün təsir rıçaqlarını faktiki olaraq məhv etdi. Yeganə təzyiq aləti Qarabağ mövzusu idi ki, o da artıq gündəmdən çıxıb. İndi Azərbaycan əvvəlki dövlət deyil. Azərbaycan artıq asılı vəziyyətdən çıxıb. Ölkəmizə hər hansı təhdid olarsa, bu, təkcə Azərbaycanla deyil, birbaşa Türkiyə ilə qarşıdurma deməkdir. Rusiya bunu çox yaxşı anlayır.”

Tural Abbaslının sözlərinə görə, Duqin və Solovyovun səsləndirdiyi fikirlərə ciddi əhəmiyyət verməyə dəyməz, lakin bu cür bəyanatlar qonşu ölkənin siyasi elitasında hansı düşüncələrin mövcud olduğunu anlamaq baxımından diqqətdən kənarda qalmamalıdır:

“Bunlar arzu və istək olaraq qalacaq. Duqin və Solovyov əvvəlcə Rusiyanın özünü qorumaq haqqında düşünsünlər. Orada kifayət qədər xalqlar var ki, Rusiyadan ayrılmaq potensialına malikdir.”

Qeyd edək ki, son dövrlər rusiyalı ideoloqların postsovet məkanı ilə bağlı aqressiv ritorikası region ölkələrində narahatlıq doğurmaqdadır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
79
2
konkret.az

3Источники