RU

Azərbaycan Prezidentinin Davos Ümumdünya İqtisadi Forumunda iştirakı ölkəmiz üçün mühüm iqtisadi imkanlar açır

Bakı, 21 yanvar, AZƏRTAC

Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycan nümayəndə heyətinin iştirakı ölkəmiz üçün mühüm iqtisadi və diplomatik imkanlar açır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

Onun sözlərinə görə, forum çərçivəsində aparılan görüşlər investisiya cəlbi, strateji tərəfdaşlıqların möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq imicinin gücləndirilməsi baxımından əhəmiyyətlidir.

“Azərbaycan nümayəndə heyəti investorlarla birbaşa əlaqələr qurur, enerji, turizm, nəqliyyat və informasiya texnologiyaları sahələrində birgə layihələri müzakirə edir. Bu, ölkənin iqtisadiyyatının diversifikasiyası və müasir texnologiyalara inteqrasiyası üçün mühüm addımdır. Eyni zamanda, forum Azərbaycan üçün diplomatik platforma rolunu oynayır. Dövlət rəhbərlərinin və nümayəndə heyətinin ikitərəfli və çoxtərəfli görüşləri strateji tərəfdaşlıqların güclənməsinə, regional stabillik və əməkdaşlıq məsələlərinin müzakirəsinə şərait yaradır. Davos görüşləri Azərbaycanın beynəlxalq arenada tanıdılması və turizm potensialının təqdimatı baxımından da əhəmiyyətlidir. Forum çərçivəsində qlobal iqtisadi trendlərin izlənilməsi və beynəlxalq biznes liderləri ilə şəbəkələşmə imkanları yerli sahibkarlar üçün uzunmüddətli əməkdaşlıqların əsasını qoyur. Beləliklə, Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan üçün həm iqtisadi inkişaf, həm də diplomatik mövqeyin gücləndirilməsi baxımından vacib bir platformadır”, - deyə deputat bildirib.

Избранный
94
azertag.az

1Источники