ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan yeni beynəlxalq qurum - Sülh Şurası - qlobal diplomatiyada ciddi rezonans doğurub. İlk açıqlamalarda qurumun fəaliyyətinin Qəzza münaqişəsinə yönəldiləcəyi qeyd olunsa da, Birləşmiş Ştatlar liderinin daha geniş geosiyasi mandat iddiası beynəlxalq ekspert dairələrində onu BMT-yə alternativ mexanizm kimi müzakirə mövzusuna çevirib. Bu kontekstdə Azərbaycanın Sülh Şurasına təsisçi üzv dövlət qismində dəvət olunması və rəsmi Bakının bu dəvəti qəbul etməsi təşəbbüsün qlobal və regional əhəmiyyətini daha da artırır.
D.Tramp yanvarın 16-da Sülh Şurasının yaradılması barədə qərarını açıqlayaraq, qurumun əsas məqsədinin Qəzzada atəşkəsin möhkəmləndirilməsi, demilitarizasiya və münaqişədən sonrakı bərpa proseslərinə koordinasiyalı beynəlxalq dəstək vermək olduğunu bəyan edib. Bununla yanaşı, yayılan nizamnamə layihəsi şuranın yalnız regional deyil, daha geniş qlobal münaqişələrə müdaxilə edə biləcək çevik platforma kimi nəzərdə tutulduğunu göstərir.
Məhz bu məqam Sülh Şurasının klassik beynəlxalq təşkilatlardan fərqləndiyini ortaya qoyur. Analitiklərin fikrincə, Donald Trampın Şura sədri kimi geniş səlahiyyətlərə malik olması bu qurumu ABŞ-ın siyasi liderliyi altında formalaşan yeni çoxtərəfli mexanizmə çevirir.
Trampın Azərbaycan liderinə məktubu: “Tarixi və möhtəşəm səy”
Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda rəsmi Bakını Yaxın Şərqdə sülhün möhkəmləndirilməsi və qlobal münaqişələrin həlli üçün yeni yanaşmanın bir hissəsi olmağa dəvət edib:
“Sizi - Azərbaycan Prezidentini Yaxın Şərqdə sülhü möhkəmləndirmək üçün, eyni zamanda, qlobal münaqişənin həll olunmasına yeni yanaşma üsuluna qədəm qoymaq yolunda son dərəcə mühüm əhəmiyyət daşıyan tarixi və möhtəşəm səyimizə qoşulmağa dəvət etməkdən böyük şərəf duyuram”.
Tramp məktubunda xatırladıb ki, 2025-ci il sentyabrın 29-da Qəzza münaqişəsinə son qoymaq üçün elan etdiyi 20 bəndlik fövqəladə yol xəritəsi qısa müddətdə Ərəb dünyası, İsrail və Avropa daxil olmaqla, aparıcı beynəlxalq aktorlar tərəfindən qəbul olunub. Bu təşəbbüsün davamı olaraq, 17 noyabr tarixində BMT Təhlükəsizlik Şurasının 2803 saylı qətnamə ilə planı böyük səs çoxluğu ilə dəstəklədiyi vurğulanıb.
İndi isə artıq bütün bu xəyalları reallığa çevirməyin vaxtıdır. Planın mərkəzində indiyədək formalaşdırılmış ən təsirli və ən nəticəyönlü Sülh Şurası dayanır. Bu Şura yeni beynəlxalq təşkilat və Keçid İdarəetmə Administrasiyası kimi təsis ediləcək.
“Bu Şura bənzərsiz bir qurum olacaq - indiyədək buna oxşar heç bir qurum mövcud olmayıb!”, Donald Tramp Azərbaycan prezidentinə ünvanladığı məktubda bəyan edib.
O, Azərbaycanı təsisçi üzv dövlət qismində Şuraya qoşulmağa və Prezident İlham Əliyevin təmsilçiliyi ilə Nizamnaməyə tərəf olmağa rəsmi şəkildə dəvət edib.
İlham Əliyevin cavabı: “Nəcib missiyanı paylaşırıq”
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidentinə ünvanladığı cavab məktubunda dəvəti məmnunluqla qəbul etdiyini bildirib və bunu iki ölkə arasında qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlığın göstəricisi kimi qiymətləndirib:
“Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycan Respublikasını dəvət etdiyiniz məktuba görə Sizə minnətdaram. Bu dəvəti Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolunun tanınması kimi qəbul edirəm”.
Prezident Əliyev vurğulayıb ki, Azərbaycan Sülh Şurasına qoşularaq Qəzzadakı münaqişənin sonlandırılması və uzunmüddətli münaqişələrdən əziyyət çəkən xalqlar üçün təhlükəsiz və rifahlı gələcəyin qurulması kimi nəcib missiyanı paylaşacaq. O, Şuranın səmərəli beynəlxalq təşkilata çevriləcəyinə ümidvar olduğunu da qeyd edib.
Hərbi kontingent, yoxsa maliyyə öhdəliyi?
Beynəlxalq mediada yazılanlara əsasən, Sülh Şurasına üzvlük çərçivəsində iki əsas öhdəliyin müzakirə edilir:
- Qəzzaya hərbi kontingentin göndərilməsi
- Alternativ olaraq, təxminən 1 milyard ABŞ dolları həcmində maliyyə üzvlük haqqı.
Azərbaycanın hərbi kontingent göndərmədən təşəbbüsə qoşulması Bakının birbaşa hərbi iştirakdan yayınaraq, siyasi-diplomatik təsir imkanlarını genişləndirmək strategiyası kimi dəyərləndirilir.
Azərbaycanın keçmiş xarici işlər naziri, siyasi təhlilçi Tofiq Zülfüqarov hesab edir ki, hazırkı mərhələdə Siyasi Şuranın real funksiyaları aydın deyil, bu səbəbdən də bu barədə qəti nəticəyə gəlmək tezdir.
“Bəziləri deyir ki, bu qurum yalnız Qəzzaya aiddir, digərləri isə onun BMT-ni əvəz edəcək daha geniş mexanizm olacağını iddia edir. Hələlik bu, ümumi ideyadır. Fəaliyyətin nədən ibarət olacağı, hansı ölkələrin necə iştirak edəcəyi və üzvlük şərtləri sonradan müəyyənləşəcək”.
Ekspertin fikrincə, Sülh Şurası hazırda inkişaf mərhələsindədir və Azərbaycan kimi ölkələrin iştirakı həm diplomatik nüfuzu, həm də regional sülhə töhfə vermək imkanlarını artırır.
Tofiq Zülfüqarov həmçinin beynəlxalq risklərə diqqət çəkib. Onun fikrincə, hazırda dünyada texnoloji və siyasi mərkəz formalaşmış ABŞ, Avropa və Çin arasında siyasi və iqtisadi rəqabət mövcuddur.
“Rəqabətin hərbi əməliyyatlara çevrilmə ehtimalı var, amma indiki mərhələdə konkret müharibə ehtimalı real görünmür. Beynəlxal hüquq beynəlxalq əlaqələrdə önəmini itirib. Beynəlxalq hüqüqun, beynəlxalq münasibətlərin ənənəvi təsiri artıq görünmür. Ortaya güc ve imkanlar çıxır. Təbii ehtiyatlara nəzarət, kommunikasiyalar uğrunda rəqabət artmaqdadır. Nüfuz dairələrinin formalaşması prosesi gedir. ABŞ, Avropa və Çin arasındakı rəqabət sadəcə iqtisadi və diplomatik deyil, regionlarda və qlobal səviyyədə potensial münaqişə və təhlükə yarada biləcək bir prosesdir. Hələlik konkret müharibə olmasa da, bu rəqabət özü-özlüyündə risk daşıyır. ABŞ, Avropa və Çin rəqabət aparırlar və özlərinin siyasi-iqtisadi təsir dairələrində olan bölgələrə iddialıdırlar”, - siyasi təhlilçi əlavə edib.
İlhamə Qasımlı
Telegram kanalımız