RU

Keçmiş Cənubi Koreya Baş naziri 23 il azadlıqdan məhrum edilib

Cənubi Koreyanın keçmiş baş naziri Han Deok-su 2024-cü ildə ölkə rəhbərliyi tərəfindən elan edilmiş hərbi vəziyyətlə əlaqədar konstitusiya quruluşuna qarşı üsyan ittihamı ilə 23 il müddətinə azadlıqdan məhrum edilib.

Editor.az xəbər verir ki, məlumat YTN telekanalı tərəfindən yayılıb.

Məhkəmə Han Deok-sunu hərbi çevriliş cəhdində əsas fiqurlardan biri kimi təqsirli bilib. O, həmçinin saxta sənədlər tərtib etmək, Prezident Arxivləri haqqında Qanunu pozmaq və yalan ifadə verməkdə günahlandırılıb. Prokurorluq keçmiş baş nazir üçün 15 il həbs cəzası tələb etsə də, məhkəmə daha ağır hökm çıxarıb. Han Deok-su Koreya Respublikası tarixində məhkəmə zalında həbs edilən ilk keçmiş baş nazir olub.

Hakim qərarında bildirib ki, hərbi vəziyyətin elan edilməsi, Konstitusiyaya zidd fərmanın verilməsi, eləcə də Mərkəzi Seçki Komissiyası və parlament nümayəndələrinin saxlanılmasına cəhd edilməsi üsyan cinayətinin bütün əlamətlərini özündə ehtiva edir.

Məhkəmə vurğulayıb ki, ölkənin baş naziri qanunlara və Konstitusiyaya əməl etməyə borcludur. Lakin Han Deok-su vəzifə öhdəliklərini yerinə yetirməyərək üsyana qoşulub və onun uğurlu ola biləcəyini ehtimal edib.

Bundan başqa, onun hərbi vəziyyətin qanunsuz elan edilməsinə baxmayaraq, prezidentin bu qərarına qarşı çıxmaması da ittihamlar sırasındadır. Hakim qeyd edib ki, Han Deok-su  öz təhlükəsizliyini təmin etmək məqsədilə hərbi vəziyyətlə bağlı sənədləri gizlətməyə cəhd göstərib, prosedurun qanuni təsir bağışlaması üçün saxta sənədlər hazırlayıb və məhv edib, həmçinin Konstitusiya Məhkəməsinə yalan məlumat verib.

Xatırladaq ki, 2024-cü ilin dekabrında Prezident Yun Sok-yol Konstitusiyanı pozaraq hərbi vəziyyət elan etmiş, bundan sonra vəzifəsindən kənarlaşdırılmışdı. Həmin dövrdə baş nazir postunu tutan Han Deok-su sonradan müvəqqəti prezident səlahiyyətlərini icra etmişdi.

//Gülnarə Abasova, Editor.az

Избранный
71
editor.az

1Источники