RU

Emil Alxaslı: “SOCAR Karbamid”də hər ton məhsul üçün istifadə olunan yanacaq 24 faizdən çox azaldılıb

Bakı, 21 yanvar, AZƏRTAC

SOCAR üçün “Sənaye 4.0”ın tətbiqi trend deyil, təhlükəsizliyin təmin olunması, rəqəmsallaşmanın artırılması, zavodlarda istehsal olunan məhsulların keyfiyyətinin yaxşılaşdırılması və iqtisadi göstəricilərin artırılması üçün istifadə olunan həll yollarıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "SOCAR Downstream Management" MMC-nin baş direktoru Emil Alxaslı bildirib.

““SOCAR Karbamid” zavoduna "Rəqəmsal mayak" ("Digital Lighthouse") mükafatının verilməsinin səbəblərindən biri plansız duruşların azaldılması və bir sıra tətbiqlərin icra olunması ilə bağlıdır. Bu mükafat əsasən zavodun istismar komandasının gördüyü işlərin nəticəsi və rəqəmsal həllərin tətbiqi nəticəsində səmərəliliyin artırılması və fəaliyyətin yüksəldilməsi istiqamətində görülən işlərlə əlaqədardır. Bu çərçivədə, layihə iki il ərzində icra olunub. 2023 və 2024-cü illərdə əsas təməllər və ondan sonra analitik həllərin tətbiqi ilə istismar gücünün yaxşılaşdırılması və xərclərin azaldılmasına nail olunub. Bu dövr ərzində zavodun istehsal gücü 21 faizdən çox artırılıb. Səmərəlilik baxımından, hər ton karbamid istehsalı üçün istifadə olunan yanacaq sərfiyyatı 24 faizdən çox azaldılıb. Bu nailiyyəti əldə etmək üçün bir sıra həll yollarından istifadə olunub”, - deyə o qeyd edib.

E.Alxaslı əlavə edib ki, SOCAR 2018-ci ildən bu şəbəkəyə qoşulub: “2020-ci ildə "Petkim", 2021-ci ildə isə "Star" neft emalı zavodu bu mükafatı alıb. İndi isə karbamid zavodu bu siyahıya daxil olub. SOCAR dünyada üç dəfə bu mükafatı alan yeganə dövlət neft şirkətidir".

 

Избранный
67
9
azertag.az

10Источники